Ukrayna Prezidenti Volodimir Zelenski litvalı həmkarı Gitanas Nauseda ilə Ukraynanın enerji sisteminə dəstək məsələsini müzakirə edib.
"Report"un məlumatına görə, Zelenski bu barədə öz teleqram kanalında yazıb.
"Rusiya hər gün bizim energetikamıza hücum edir. Bu barədə Gitanası məlumatlandırdım, həmçinin Ukraynanın enerji dayanıqlığı və hava hücumundan müdafiənin gücləndirilməsi üçün ehtiyaclarını qeyd etdim. Litva artıq Ukrayna şəhərlərinə və icmalarına yardım etmək, təxminən yüz generator ötürmək qərarı verib", - Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, tərəflər ayrıca hərbi əməkdaşlıq, birgə müdafiə layihələri, PURL təşəbbüsünə dəstək və SAFE proqramı çərçivəsində əməkdaşlıq barədə danışıblar. Zelenski vurğulayıb ki, Litva Kiyevin və tərəfdaşların müdafiə imkanlarını gücləndirmək üçün Vilnüsdə silah ixrac platforması açmağı təklif edib.
"Diplomatiyamız da danışıqların ən mühüm mövzularından biridir. Sülh naminə diplomatik fəaliyyətin yeni detalları ilə bölüşdüm – Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşləri barədə. Ukrayna hər zaman olduğu kimi müharibənin bitməsi üçün öz tərəfindən mümkün olan hər şeyi edir", - Ukrayna lideri əlavə edib.
V.Zelenski hazırda Litvada səfərdədir. O, Yanvar üsyanının 163-cü ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək və Polşa Prezidenti Karol Navrotski ilə də görüşəcək.