Gündəlik istifadə etdiyimiz smartfonlar təhlükəli bakteriya və virusların toplanması üçün əlverişli mühitə çevrilə bilər. Biotibbi elmlər üzrə mütəxəssislər bildirirlər ki, risk xüsusilə telefonun tualetdə istifadə edildiyi hallarda kəskin şəkildə artır.
Lent.az xarici mediaya istinadla xəbərinə görə, bu barədə açıqlama verən Salford Universitetinin tədqiqatçısı, doktor Qaret Nay qeyd edib ki, unitazın sifonu çəkilərkən mikroskopik nəcis hissəcikləri havaya qalxır və ətraf səthlərə, o cümlədən smartfonlara çökür.
Alimin sözlərinə görə, hətta əllər ideal şəkildə yuyulsa belə, çirkli telefona toxunulduqda yenidən bakteriyalarla təmas baş verir.
Mütəxəssis əlavə edib ki, telefonun ekranı barmaqların toxunduğu bütün çirkləri sürətlə üzərinə yığır və xüsusilə qış aylarında bakteriyalar üçün effektiv “inkubator” rolunu oynayır.
Oxşar nəticələr daha əvvəl də irəli sürülüb. Genişmiqyaslı araşdırma aparan doktor Lotti Tadcəri 24 ölkədən 56 elmi tədqiqatı təhlil etdikdən sonra mobil telefonlarda canlı mikroorqanizmlərin aşkarlandığını bildirib.
Bond Universitetinin komandası telefon nümunələrində bağırsaq çöpləri və qızılı stafilokokk kimi infeksiya törədicilərini müəyyən edib. Bu mikroblar yüngül xəstəliklərdən tutmuş potensial təhlükəli infeksiyalara qədər müxtəlif problemlərə səbəb ola bilər.
Tadcərinin sözlərinə görə, mobil telefonlar mikroblar üçün “beşulduzlu otel” kimidir: onları isti ciblərdə saxlayırıq, danışarkən tüpürcək damcıları düşür, yeməkdən sonra əlimizlə toxunuruq və demək olar ki, heç vaxt dezinfeksiya etmirik.
Məlumata əsasən, CDCnin məlumatına görə, infeksiyaların təxminən 80 faizi əllərlə əlaqəlidir. Ekspertlər vurğulayırlar ki, çirklənmiş smartfona toxunduqda əllər yenidən mikroblarla çirklənir.
Mütəxəssislər cihazların mütəmadi təmizlənməsini tövsiyə edirlər. Which? təşkilatının məsləhətlərinə görə, 70 faiz spirt tərkibli salfetlər, mayenin telefonun deşiklərinə düşməməsi şərti ilə, ən təhlükəsiz dezinfeksiya üsullarından biridir. Pul kisəsi kimi istifadə edilən telefon örtüklərinin də təmizlənməsi xüsusi önəm daşıyır.
Qeyd olunur ki, əllərin ilıq su və sabunla yuyulması respirator infeksiyalar riskini təxminən 20 faiz, bağırsaq infeksiyalarını isə 30 faiz azalda bilər.
Mütəxəssislərin fikrincə, soyuq mövsümdə həm əllərin, həm də smartfonların gigiyenasına diqqət yetirmək qorunmanın ən effektiv yollarından biri olaraq qalır.
bakteriya sağlıq