Trans-Adriatik Qaz Kəmərinin (TAP) ötürücülük gücünün genişləndirilməsi üçün 2025-ci il bazar sınağının qeyri-məcburi fazasının yenidən nəzərdən keçirilməsi dövrü 16 yanvar 2026-cı il tarixinə qədər açıqdır.
Bu barədə "Report"a "Trans Adriatik Pipeline" ("TAP AG") konsorsiumundan bildirilib.
"Bu müddət ərzində bütün maraqlı tərəflər 2025-ci ilin iyul-sentyabr aylarında tələblə bağlı qəbul edilmiş qeyri-məcburi müraciətləri yenidən nəzərdən keçirə bilərlər.
Həmin dövrdə yeni iştirakçılar da Tələbin qiymətləndirilməsi hesabatının (Demand Assessment Report, DAR) hazırlanması zamanı nəzərə alınmaq üçün bazar sınağı çərçivəsində qeyri-məcburi müraciətlər təqdim edə bilərlər. Sənəd üç qaz nəqli sisteminin operatoru [İtaliyanın SRG və Yunanıstanın DESFA şirkətləri ilə birgə - red.] tərəfindən birgə dərc ediləcək", - konsorsium dəqiqləşdirib.
"TAP AG" qeyd edib ki, əgər DAR-da bazar testinin məcburi fazasına keçidin məqsədəuyğunluğu təsdiq olunarsa, qaz kəmərinin növbəti genişləndirilmə mərhələsinə bir şərtlə başlanılacaq ki, ötürmə gücü üçün yetərli sayda məcburi uzunmüddətli müraciət təqdim edilsin.
Bazar sınağı çərçivəsində daxil olan məcmu məcburi müraciətlər yekun investisiya qərarı qəbul edilməzdən əvvəl mütləq şəkildə iqtisadi məqsədəuyğunluq testindən (Economic Viability Test, EVT) keçəcək.
Bundan başqa, "TAP AG" xatırladıb ki, yanvarın 1-dən kəmərin ötürmə gücü əlavə ildə 1,2 milyard kubmetr genişləndirilib ki, bu da Xəzər qazının Avropaya nəqlinə başlanmasından beş il sonra baş verib. Konsorsiumun qiymətləndirmələrinə görə, bu, TAP-ın etibarlılığını və Avropaya qaz tədarükünün şaxələndirilməsində əhəmiyyətli rolunu bir daha təsdiq edir.
"2024-cü ilin yanvarında başlayan genişləndirmə işləri vaxtından əvvəl və təsdiqlənmiş büdcə çərçivəsində, cari qaz təchizatında fasilə olmadan və bütün təhlükəsizlik tələblərinə riayət olunmaqla başa çatdırılıb", - konsorsium qeyd edib.
"TAP AG"-dən bildirilib ki, bu, layihənin yüksək səviyyədə planlaşdırılmasını və əməliyyat dayanıqlılığını nümayiş etdirir:
"Genişləndirmə çərçivəsində yeni kompressor aqreqatları quraşdırılıb, həmçinin Kipoi kompressor stansiyasında mövcud infrastruktur modernləşdirilib".
Konsorsium vurğulayıb ki, TAP-ın Yunanıstandakı sistemlərarası birləşmələri, eləcə də qaz kəmərinin İtaliyada quruya çıxış nöqtəsi yükgöndərənlər üçün digər Avropa bazarlarına geniş giriş imkanları təmin edir.
Bu günədək Trans-Adriatik Qaz Kəməri vasitəsilə Avropaya 54 milyard kubmetrdən çox Azərbaycan qazı tədarük edilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqli üçün nəzərdə tutulub. Uzunluğu 878 km olan və 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilmiş qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmalara əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmi ildə ən azı 20 milyard kubmetrə çatmalıdır.