Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) istifadəyə verilməsi ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq.
"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, "Xızı-Abşeron" KES-in "Gülüstan" sarayında keçirilən rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev stansiyasının istismara verilməsini çox önəmli hadisə kimi dəyərləndirib: "O qeyd edib ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən 3 dəfə artıb. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək".
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan böyük bərpaolunan enerji potensialına malik olan ölkədir: "Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmayaraq bu gün qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda "yaşıl enerji"yə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. 2030-cu ilədək respublikamızın "yaşıl artım" ölkəsinə çevrilməsinin və təmiz ətraf mühitə nail olmağın sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın enerji sahəsində atdığı qlobal addımların tərkib hissəsidir. Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə açılışı nəzərdə tutulur. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni, növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Son beş il ərzində yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və həmin bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşa edilməsi nəzərdə tutulur. Bərpaolunan enerji resurslarının texniki potensialı Qarabağ və Şərqi Zəngəzurda 10 QVt, Naxçıvanda isə 5 QVt həcmində qiymətləndirilir".
V. Rəhimzadə vurğulayıb ki, hazırda icra olunan birinci mərhələ üzrə təqribən 2 QVt, sonrakı 5 il və daha uzun dövrdə əlavə 6 QVt-dan çox bərpa olunan enerji güclərinin istifadəyə verilməsi nəzərdə tutulur: "Birinci mərhələ üzrə yaradılacaq güclərin əsas təyinatı daxili istehlak, sonrakı mərhələ üzrə isə iqtisadi səmərəlilik meyarı əsas götürülməklə ixrac və ya data mərkəzlərin enerji təminatı olacaq. Reallıq budur ki, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi xüsusən də bərpaolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 %-ə çatdırılmasını hədəfləyir".
Qeyd edək ki, "Xızı-Abşeron" KES-in tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

