IMG-LOGO

Bu sənətçilər həmkarlarından 33 faiz daha çox ölürlər: söhbət kimdən gedir?

09 Jan 2026 16:45 3 baxış
IMG
4 0

Kameraların hədəfində yaşamaq bir çoxlarına xəyal kimi görünür, lakin estrada ulduzları arasında ölüm statistikası tamamilə fərqli, qorxuducu bir mənzərə yaradır. Yəqin ki, dünyada heç vaxt məşhur və ya uğurlu olmağı arzulamamış insan tapmaq çətindir. Biz coşqudan titrəyən stadionları, projektorların parıltısını və sonsuz bir bayramı xatırladan həyatı görürük. Amma reallıq çox vaxt düşündüyümüzdən qat-qat sərt olur: tarix açıq şəkildə göstərir ki, hansı sənətçilər şöhrətlərinin işığında sözün əsl mənasında yanaraq çox erkən dünyadan köçüblər.

Lent.az xarici mediaya istinadla erkən yaşda ölən sənətçiləri təqdim edir.

Bu faciəvi qanunauyğunluq kumirlərin parlaq həyatına başqa gözlə baxmağa vadar edir: onların taleləri kövrək və qısamüddətli olur, dahiliyin ani parıltısının çox vaxt həddindən artıq ağır bir bədəllə ödənildiyini təsdiqləyir.

Çox erkən dünyasını dəyişən musiqiçilər

2025-ci ilin son araşdırmalarına görə, superulduz statusu erkən ölüm riskini 33 faiz artırır ki, bu da müntəzəm siqaret çəkməyin zərəri ilə müqayisə olunur. University Witten Herdecke universitetinin tədqiqatçıları müəyyən ediblər ki, məşhur vokalistlər orta hesabla 75 yaşa qədər yaşayır, daha az tanınan həmkarları isə 79 yaşa çatırlar.

Araşdırmanın müəllifi doktor Yoanna Hepp bildirir ki, şöhrət “unikal psixososial stress” gətirir. Onun sözlərinə görə, bu, tez-tez təhlükəli vərdişlərin normallaşmasına səbəb olur.

“Şöhrət daimi ictimai nəzarət, auditoriya təzyiqi və şəxsi həyatın itirilməsi səbəbindən birbaşa ölüm riskini artıra bilər”, - araşdırmaçı bildirib.

Maraqlıdır ki, karyera forması uzunömürlülüyə birbaşa təsir göstərir. Alimlər qrup halında fəaliyyətin “qoruyucu effekti” olduğunu aşkar ediblər: solo ifaçılarda vaxtsız ölüm riski kollektiv üzvlərinə nisbətən 26 faiz daha yüksəkdir. Bununla belə, ümumi statistikaya baxmayaraq, sistemi “sındıran” və uzun ömür sürən böyük sənətçilər də var.

Doktor Hepp istisna olaraq Lui Armstronqu (69 yaşında vəfat edib), Tina Turneri (83 yaş) və 2025-ci ildə 91 yaşı tamam olan və hələ də səhnədə olan əfsanəvi Frenki Vallini nümunə göstərir.

Çox erkən ölən rok əfsanələri

60–70-ci illərin rok mədəniyyəti “tez yaşa, gənc öl” şüarı ilə formalaşmışdı. Bu məsələni diqqətlə araşdırdıqda, onların ölümünün çox vaxt son dərəcə ağır qastrol qrafiki ilə bağlı olduğunu görmək olar.

Hər axşam konsertlər, uçuşlar, bitib-tükənməyən gecələr və leybllərin təzyiqi nəticəsində psixika sadəcə dözmür. Buna görə də ifaçılar tez-tez qadağan olunmuş maddələrlə “tanış olur”, bu isə vəziyyəti daha da ağırlaşdırır.

Məsələn, "Sex Pistols" qrupunun üzvü Sid Vişes cəmi 21 yaşında dünyasını dəyişib, əfsanəvi Rendi Roudz isə 25 yaşında təyyarə qəzasında həlak olub.

Metallica qrupunun bas-gitaristi Kliff Börtunun da həyatını 24 yaşında qastrol avtobusunun qəzası yarımçıq qoyub. Bu sırada 30 yaşına çatmasına cəmi bir neçə həftə qalmış vəfat edən T. Rex qrupunun lideri Mark Bolanı da xatırlamaq olar.

Rok janrından kənara çıxdıqda da eyni kədərli mənzərə ilə qarşılaşırıq. Hip-hop əfsanələri Tupak Şakur və The Notorious B.I.G. 25 yaşını yenicə keçmişkən sənaye müharibələrinin və sərt mühitin qurbanı olublar.

27 yaşında dünyasını dəyişən musiqiçilər

Kütləvi mədəniyyətdə xüsusi yer tutan anlayışlardan biri də “27 klubu”dur. Bioqrafiyalara baxdıqda itkilərin siyahısı sonsuz görünür və 27 yaş həddi mistik bir məna daşıyır. Bu termin ən parlaq dövrdə baş verən faciəvi sonluğun sinoniminə çevrilib.

Əslində, 27 klubu eyni yaşda həyatı yarımçıq qalan dahilərin şərti siyahısıdır. Onlar ardında yalnız əfsanələr, oxunmamış mahnılar və bu qanunauyğunluğun səbəbləri ilə bağlı saysız-hesabsız suallar qoyub gediblər. Bu siyahıya müasir musiqinin təməlini qoymuş adlar daxildir.

Onların arasında:

Cimmi Hendriks – gitara ifaçılığı ilə dövrünü onilliklər qabaqlayan virtuoz;

Brayan Cons – Rolling Stones qrupunun qurucularından biri;

Ceniz Coplin – dərin tənhalıqdan əziyyət çəkən, blues-rokun ən güclü səslərindən biri;

Cim Morrison – cəsədi Parisdəki mənzilində tapılan şair və mistik;

Kurt Kobeyn – depressiv qranjın və “X nəslinin” simvolu;

Emi Uaynhaus – bu kədərli siyahıya rəsmi daxil edilən son böyük fiqur.

Numeroloqlar burada mistika axtarsa da, sosioloqlar bunu kritik bir mərhələ kimi görürlər: 27 yaşa qədər musiqiçi ya qəfil şöhrətin yükünün öhdəsindən gəlir, ya da həyatına nəzarəti tamamilə itirir. Elm isə bu məsələyə bir qədər fərqli yanaşır. Indiana University komandasının apardığı və 344 000 insanın məlumatlarını əhatə edən araşdırma sübut edib ki, 27 yaşda heç bir statistik “sıçrayış” yoxdur.

Musiqiçilər bu yaşda 25, 26 və ya 28 yaşa nisbətən daha tez-tez ölmürlər.

Təəssüf ki, “tez getmə” tendensiyası bu gün də davam edir və müxtəlif janrları əhatə edir. Göz önünə Lil Peep, Juice WRLD, Mac Miller, XXXTentacion və Avicii kimi nümunələr gəlir.

sənət rok erkən ölüm

Xəbər lenti