Vaşinqton Avropa İttifaqının strateji tərəfdaşı olub və qalmaqdadır, tərəflər arasındakı əməkdaşlıq qarşılıqlı maraq doğuran sahələrdə davam edir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) mətbuat xidmətinin rəhbər müavini Arianna Podesta ABŞ ilə münasibətlər və Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən bildirib.
"Biz üzv dövlətlərlə daim təmasdayıq. Bu, bütün ittifaq üçün mühüm məsələdir", - Podesta əlavə edib.
O, 2024-cü ilin martında Avropa İttifaqının Nuuke adasının paytaxtında daimi nümayəndəlik açdığını xatırladıb. Onun sözlərinə görə, bu addım yerli hakimiyyət və cəmiyyətlə birbaşa dialoqun qurulmasına imkan verib, həmçinin Aİ-nin Qrenlandiya ilə əməkdaşlıqda ciddi niyyətlərini təsdiqləyib.
"Biz həmişə bu münasibətlərə sərmayə qoymuşuq", – deyə o vurğulayıb.
ABŞ-nin Danimarkanın muxtariyyəti olan Qrenlandiyaya nəzarət əldə etmək cəhdləri ilə bağlı mövcud vəziyyəti şərh edən Podesta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin ötən ilin payızında səsləndirdiyi bəyanata istinad edib. Ursula fon der Lyayen həmin vaxt Aİ-nin Arktika strategiyasının yenidən nəzərdən keçirilməsinin zəruriliyini vurğulamışdı. Podesta onun sözlərini belə sitat gətirib: "Avropa daha fəal olmalı və Arktikaya daha çox vəsait yatırmalıdır. Məhz buna görə biz yeni geosiyasi təhdidlərə cavab vermək üçün Arktika siyasətimizi yenidən nəzərdən keçiririk".