Türkiyənin Bursa şəhərindən olan 18 şəhid ailəsi bu gün Tərtər və Ağdərə bölgəsində səfərdə olublar.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhid ailələri ilk olaraq Tərtərdə Dövlət Rəmzləri Muzeyində olublar.
Qonaqlara Azərbaycan dövlətinin müxtəlif dövrlərində olan dövlət atributları, pul nümunələri, hərbi birləşmələrinə aid olan geyim, döş nişanları və medallar barədə geniş məlumatlar verilib. Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov şəhid ailələrinə kəlağayı, xarıbülbül döş nişanı təqdim edib.
Şəhid ailələri Tərtərdə 44 günlük Vətən müharibəsi zamanı raket zərbəsi nəticəsində dağıdılan fərdi yaşayış evinə də baş çəkiblər. Səfərin davamı olaraq qonaqlar Ağdərə rayonu Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adının əbədiləşdirilməsi məqsədilə salınan "Vətən Bağı"nda ağac əkiblər.
Qeyd edək ki, şəhid ailələrinin səfəri Türkiyə Sənayeçilər Birliyi və Azərbaycanın Müdafiə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində baş tutub.
Bizim WhatsApp kanalımıza abunə olun







