Təxminən bir milyard il ərzində Yer üzündə sutkanın uzunluğu Ay və atmosfer gelgitləri arasındakı tarazlıq səbəbindən təqribən 19 saat səviyyəsində qalıb. Uzaq keçmişdə Yer elə bir uzun dövr yaşayıb ki, onun fırlanma sürəti demək olar dəyişməyib və sutka təxminən 19 saat davam edib. Bu nəticəyə alimlər dokembri dövrünə aid geoloji məlumatları təhlil etdikdən sonra gəliblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, proterozoy erasının ortalarında, təxminən 2 milyard ildən 1 milyard il əvvələ qədər Yer sutkasının tədricən uzanması prosesi dayanıb. Bu dövrdə günün uzunluğu demək olar ki, sabit qalıb.
Ay və Günəş arasındakı tarazlıq
Adətən Yer kürəsinin fırlanması Ayla olan gelgit qarşılıqlı təsiri səbəbindən yavaşlayır. Ay planetin fırlanma enerjisinin bir hissəsini “özünə çəkir”. Lakin tədqiqatın müəllifləri aşkar ediblər ki, dokembri dövründə bu təsir Günəşin istilik təsiri nəticəsində yaranan atmosfer gelgitləri ilə demək olar ki, tam kompensasiya olunub. Müəyyən şəraitdə bu atmosfer dalğaları rezonansa girərək Yer kürəsinin fırlanmasını sürətləndirən bir moment yaradıb və Ayın ləngidici təsirini tarazlaşdırıb. Nəticədə sutkanın uzunluğu təxminən 19 saat səviyyəsində sabitləşib.
Geoloji zamanın dərinliklərindən gələn məlumatlar
Alimlər Yer sutkasının uzunluğuna dair 22 müstəqil qiymətləndirmə toplayıblar. Bu məlumatlar gelgit çöküntülərinin, stromatolitlərin və ritmik geoloji strukturların analizinə əsaslanıb. Məlumatların bir hissəsi müasir siklostratigrafiya metodları sayəsində əldə edilib. Bu üsul qədim çöküntü süxurlarına əsasən Yer kürəsinin fırlanma sürətini müəyyən etməyə imkan verir. Statistik analiz göstərib ki, sutkanın uzunluğundakı dəyişikliklərdə təxminən bir milyard il davam edən aydın bir “platо” mövcud olub. Bu dövrdən sonra sutkalar yenidən uzanmağa başlayaraq müasir 24 saatlıq müddətə çatıb.
yer sutka 19 sutka