Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Rusiya və ABŞ Avropa İttifaqının iştirakı olmadan 2026-cı ildə Ukrayna ilə bağlı sülh sazişi imzalaya bilərlər.
"Report"un məlumatına görə, o, bu barədə "M1" telekanalına müsahibəsində bildirib.
Orbanın fikrincə, bu, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, ABŞ və Avropa İttifaqı arasında strateji məsələlərdə fikir ayrılığının nəticəsi ola bilər.
O hesab edir ki, Qərb əvvəllər birlik nümayiş etdirə bildiyi halda, "indi bu, bitib". Orbanın fikrincə, Tramp administrasiyası sülh səylərini davam etdirir, Rusiya ilə razılaşmağa çalışır, Aİ liderləri isə Ukraynaya silah verir:
"2026-cı ildə ABŞ və Avropa arasında qarşıdurmanın avropalıların iştirakı olmadan amerikalıların ruslarla sülh bağlayacağı həddə çatacağı böyük sual olacaq".
O vurğulayıb ki, Macarıstan Qərblə Rusiya arasında normal münasibətlərin bərpasında maraqlıdır, çünki bu, bir daha hər iki tərəfə qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq imkanları yaradacaq. Bununla bağlı Orban təsdiqləyib ki, onun hökuməti Rusiya və Ukrayna arasında müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır və ABŞ administrasiyasının bu məqsədə nail olmaq üçün səylərini dəstəkləyir.