Bu gün Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun doğum günüdür.
"Report" doğum günündə şairlə həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- Yubileyinizi qeyd edirsiniz. 70 yaşında Baba müəllimin özünə verdiyi hesabatda ilk sırada nə dayanır?
- Doğrudan ad günüm olduğunu bilmirdim. 70 rəqəmi mənim üçün çox gözlənilməzdir. Hər halda şəxsiyyət vəsiqəmdə elə yazılır. Mənim çox yaxın bir dostum vardı. Mərhum deməyə də dilim gəlmir - Malik Fərrux. Gözəl şairimiz idi. Onun belə bir şeiri var: Bu gün ad günümdür, adi günümdür. Mən də ad günlərimi belə qarşılayıram. Adi günlərdən biridir. Sadəcə dostlarla, dinləyicilərlə bir yerə toplaşmaq üçün daha bir şansdır. Həmişə deyirik ki, bayramların çox olmağının nə ziyanı var ki. Təbii ki, bu, mənim üçün bayram deyil, o zaman bayram olur ki, nəsə yazıram, nəsə bir iş görürəm.
- Sizcə, insan necə yaşamalıdır ki, 70 yaşına çatanda doğrudan da “mən yaşadım” deyə bilsin?
- Bir dəfə jurnalist mənə dedi ki, siz yaxşı həyat sürmüsünüz. Gənc yaşından məşhurlaşmısınız, uğur qazanmısınız və s. Onda cavab verdim ki, bilmirəm siz bunu nə mənada deyirsiniz, amma mən maraqlı həyat yaşamışam. Maraqlı həyat da yalnız uğurlardan, sevinclərdən, şan-şöhrətdən ibarət deyil. Maraqlı həyatın bütün üzləri var.
- Baba müəllim, bir müsahibənizdə də "insan həyatda ancaq xoş hadisələr yaşasa, onda maraqlı ömür keçirib saymaq olmaz" demişiniz, bu məqamda mənə elə gəlir ki, biz insanlar bəzən özümüzü tam mənası ilə xoşbəxtliyə layiq bilmirik, ya da xoşbəxtlikdən qaçırıq...
- Həyatda müəyyən anlar var da. İnsan var ki, özünü bir ömür xoşbəxt, yaxud bədbəxt hiss edir. Mən bunu anlaya bilmirəm. Hansısa hissiyyat bir ömür sürə bilməz. İnsan hər dəqiqə dəyişən bir varlıqdır. Ona görə mənim şeirlərimdə də görürsünüz ki, hətta, sevginin ömrü bir andır, qalanı xatirədir. Ona görə deyirəm ki, mənim həyatımda yaddaqalan anlar, ruhdan düşdüyüm anlar, ümidimi itirdiyim dəqiqələr olub. Amma həmişə sanki bir ilahi qüvvə mənə dəstək olub.
- Sizcə, elə bir duyğu varmı ona şeir yazmaq mümkün olmasın?
- Var. Elə müqəddəs şeylər var ki, onu qələmə almaqda çox tərəddüd edirsən və sonda qələmi yerə qoyursan. Vətən, valideyn, doğulduğun balaca daxma, o daxmanın yerləşdiyi balaca bir kənd və nəhayət valideynlərinin uyuduğu məzar. Bu mövzulardan yazmağa adam cürət etmir. Ümumiyyətlə, sözün qüdrətinin buna çatacağına inanmır. Mənim məhəbbətim qələmimdə deyil axı, daha böyükdür, daha ülvidir.
- Onda deyəsən qələm bir tək qadınlardan və sevgidən yazanda rahat olur?!
- (Gülür) Yuxarıda sadaladığım mövzularda demirəm heç kəsin, amma mənim qələmimin gücü çatmaz. O ki, qaldı mənim yazdığım qadınlara, onlar heç biri həyatda yoxdur. Onlar küçədə gəzişən, lap elə bu evin mətbəxində soğan doğrayan, qab yuyan qadınlar deyil. Bizlə birlikdə çalışan lap nazir qadınlar olsun, heç onlar da deyil. Yəni o qadınlar yer adamı deyil, onlar göyün mələkləridir. Ona görə də şair bir ömür onu tərənnüm edir, amma bu vəsf bitmir. Çünki o əlçatan, ün yetən deyil. Əgər şair konkret bir qadını tərənnüm edirsə, qələmə alırsa, onda o şair olmazdı ki, publisist yaxud sənədli xronika yaradan biri olardı. Şairin obyekti bu günahkar dünyada deyil...
- İndiyə qədər neçə şerinizə musiqi yazılıb?
- Mindən çox şeirimə mahnı yazılıb. Sözlərimə yazılan ilk mahnılar mən 17 yaşımda olanda səslənib. Onda jurnalistika fakültəsini birinci kursunda təhsil alırdım. Təsadüfən bəstəkar Telman Hacıyevlə, sonra onun ətrafında olan cavan həmkarları ilə tanış oldum. Onlar şeir istədilər, mən də verdim. Sözlərimə yazılan ilk mahnıların bəstəkarları Firəngiz Babayeva və Oqtay Rəcəbov oldu. “Töhfə” və “Sevərsənmi?” mahnıları. Mahnılar bu gün də populyardır. Ən böyük uğurum və xoşbəxtliyim də onda oldu ki, ilk mahnılarımı ölməz sənətkarımız Şövkət Ələkbərova oxudu. O vaxtlar yeni mahnıların təqdimatı hər il yeganə dövlət televiziyasında “Mavi işıq” adlı Yeni il gecəsində səslənirdi. Yanvarda universitetə gələndə artıq məşhur idim. Çünki Şövkət xanım sözləri mənə məxsus iki mahnımı oxumuşdu. Onda Nəbi Xəzri, Fikrət Qoca, Bəxtiyar Vahabzadə kimi nəhəng şairlər şeir yazırdı. Birdən-birə yeniyetmə, kənddən gələn bir uşağın sözlərinə bəstələnən mahnılar dövlət televiziyasında səslənirdi.
- Sizin ən çox bəyəndiyiniz musiqi hansıdır?
- Sadəcə, birinin adını çəkmək mümkün deyil. Amma bir həqiqət var ki, valideynlər həmişə fiziki məhdudiyyətləri olan uşaqları sevirlər. Hərdən mənə elə gəlir ki, gözəl bir mətn, şeir yazmışam, düşünürəm ki, bunun bəxti gözəl olacaq, hamını düşündürüb ağladacaq, güldürəcək, seviləcək, dillər əzbərinə çevriləcək, lakin bəzən tam əksi olur. Ona görə, mən həmişə deyirəm ki, mahnı üç ürəyin bir nəbzdə döyüntüsüdür. Bəli, bir xeyli elə fiziki məhdudiyyətli övladım - şeirlərim var ki, mən onları çox sevirəm. Mahnıların da taleyi insan həyatı kimidir. Bəzən bəxti gətirir, bəzən də yox. Mən həmişə deyirəm ki, bizdən də istedadlı və gözəl insanlar - sadəcə onların bəxti gətirmir.
- Niyə elə fikirləşirsiniz ki, gərək şöhrət, bəxt özü gəlib adamı tapsın. Sizcə, bu, bir az passiv, hətta daha sərt desək, tənbəl yanaşma deyilmi?
- Xeyr, bilirsiniz necədir, insanda lazımi anda, lazımi yerdə olmaq şansı var. Bax, bu bəxtdir.
- Musiqi məsələsinə yenidən qayıtmaq istəyirəm. Sözlərinizə musiqi yazılmasına görə qonorar almısınızmı?
- Təbii ki. Mən hər iki dövrə yaşamışam. Sovet dövründə konkret qiymətlər var idi. Sonra isə bazar iqtisadiyyatına keçildi. Mahnım var qiyməti 100 mindir, eləsi var 10 manatdır. Peşkəş etdiyim, bir gözəl xanımın qara gözlərinə bağışladığım mahnı da olub. Hə, eləsi də var ki, deyir 100 min verirəm. Deyirsən ki, sən Allah oxuma, bu mənim həyatıma son qoyar.
- İndiki gənclər daha çox sərbəst üslubda şeirlər yazır. Azərbaycan oxucusu da bu üslubda yazılan bütün şeirləri qəbul etmir, ya da başa düşmür. Bu barədə nə düşünürsünüz?
- Sərbəst üslubda şeirlər həmişə yazılıb və gözəl də alınıb. Amma bu indi bir az sol əl ilə sağ qulağı tutmağa bənzəyir. Belə meyillər olur. O da seçilmək arzusu ilə bağlıdır. İnsan həyatında bir inkar dövrü olur. Düşünürsən ki, ən yaxşılarını sadəcə sən yaradacaqsan. Amma bu mərhələni keçmək, sıraya qoşulmaq lazımdır və beləcə insan böyüməlidir.
- Gənclərdən kimisə oxuyursunuz?
-Hamısını oxuyuram. Ümumiyyətlə, mən gənclərlə çox ünsiyyətdə oluram. Aqşin Yeniseydən başlayım, Şəhriyar Del Gerani, Kəramət Böyükçöl, qadınlardan Sevinc Çılğın, Günay Ümidi oxuyuram. Düzdür, onu cavanların sırasına qatmıram, amma Şərif Ağayarı oxuyuram. Yaxın dostum və yaxşı yazıçıdır.
- Elza Seyidcahanın şeirlərini oxumusunuz?
- Oxumuram, bir neçə dəfə dinləmişəm. Bir verilişdə olmuşuq, Elza xanım oxuyub, mən də istər-istəməz dinləmişəm.
- Onun şeirlərinə münasibət birmənalı deyil, əksəriyyət bəyənmədiyini dilə gətirsə də, bəziləri onun şeirlərində dərin məna olduğunu düşünür. Sizin fikriniz necədir?
- Heç nə birmənalı qəbul edilmir. Mən şəxsi sosial media hesabımda baxıram, bəzən yazırlar ki, Baba Vəziroğlu şair deyil, biri də gəlib yazır ki, o dahidir. Hər kəs öz çərçivəsindən dünyaya baxır və fikrini ifadə edir. İndi Elzaya hamı eyni gözlə baxsa idi, onda onu Azərbaycan Yazıçılar Birliyinə qəbul etməzdilər ki... İndi AYB-də bir komissiya var da, onlar onu ora qəbul ediblərsə, demək ki, bəyənənlər də var. İndi AYB əlində qələm olan insanların bir ocağıdır. O da gəlib ki, mən də bu ocağın kənarında oturmaq istəyirəm. Nə edək, qovaq getsin?! Hara getsin?! İndi özü də AYB-də nə var axı, sovet dövründə AYB-nin gül vaxtını biz dərmişik. Bizə maşın, ev, dünyanın hər yerinə havayı göndəriş verib. Mən yazıçı kimi dünyanın hər yerini gəzmişəm. İndi AYB-də nə var ki?! Heç nə.
- Heç nə istəmirəm səndən a dünya. Könlümün nədir ki, arzu diləyi - məşhur şeirinizdən bir parçadır. Bu dünyadan heçmi istəyiniz yoxdur?
- Əslində, dünya maddiyatından dördəlli yapışanlar üçün, çox qəribə səslənir ki, görəsən, Baba müəllimin hər şeyi var ki, bu dünyadan heç nə istəmir? Deyirlər bəlkə, bir villa, yaxud son model maşın, lap elə vəzifə istəsin. Amma hal əhli üçün bu başqadır. Çünki onlar mənəviyyat adamıdır. Nə istəyirəm ki, hər səhər Xəzərin üstündən günəş doğsun, durnalar hər bahar qayıdıb xoş soraq gətirsin, nə istəyirəm ki, könüllər açılıb sevgi bitirsin. Bax beləcə...
FOTO - VİDEO: Vüqar Xanlarov
Bizim WhatsApp kanalımıza abunə olun