Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin beşinci ildönümü sona yaxınlaşır. Bu əlamətdar ildə Qarabağ və Şərqi Zəngəzurda bir çox əhəmiyyətli hadisələr baş verdi. "Böyük Qayıdış" proqramının icrası ilə yanaşı Xankəndi və Laçın kimi şəhərlərimiz dünya liderlərinin, nüfuzlu media adamlarının qatıldığı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdi.
Daha bir əlamətdar hadisə isə ilin son günlərində baş verdi – Ağdam şəhərinə qayıdış başladı.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdama qayıdan ilk sakinlərlə görüşdü. Ölkə başçısı və xanımı ağdamlılarla birlikdə sevindilər, kövrəldilər və dərdləşirdilər. Baş verənlər həm də dünyaya bir mesaj idi.
Azərbaycan Prezidentinin bu mesajları məhz Ağdamda səsləndirməsi təsadüfi deyildi, çünki işğalın bütün izlərini özündə cəmləşdirən bu şəhər dağıdıcı müharibənin simvoluna çevrilib.
İşğal bitəndən sonra həm Ermənistanın, həm onun havadarlarının əsl üzü məhz Ağdamda dünyaya açıldı. "Qafqazın Hirosiması" adlandırılan bu şəhər urbisid, ekosid, entosidə məruz qalmış, genosidə şahidlik etmiş Azərbaycan şəhərlərinin vizit kartına çevrildi.
Ən dəhşətlisi isə odur ki, Azərbaycanın şəhər və kəndləri elə həmin dünya güclərinin gözü qarşısında, hətta onların dəstəyi və bəzi hallarda iştirakı ilə yer üzündən silinib.
Belə olmasaydı, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan şəhərlərinin tam və qeyd-şərtsiz boşaldılmasını tələb edən dörd qətnaməsi 30 ilə yaxın kağız üzərində qalmazdı.
Hətta belə olmasaydı, münaqişənin nizamlanması üçün yaradılmış ATƏT-in Minsk qrupu adlı təsisat Ermənistanı heç olmazsa "yandırılmış torpaq" taktikasından əl çəkməyə vadar edərdi.
Eyni zamanda ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiyanın şirkətləri işğal edilmiş Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətlərinin talan edilməsində iştirak etməzdi.
Belə olmasaydı, məsələn, İran öz sərhədinin bu tayında məscidlərin, pirlərin, qəbiristanlıqların yer üzündən silinməsinə ən azından sözdə etiraz edərdi.
Təbii ki, bunların heç biri baş vermədi. Dünya gücləri sənəd üzərində işğalçı kimi tanıdıqları Ermənistana siyasi, iqtisadi və hərbi dəstək verdilər. İşğala məruz qalmış Azərbaycan isə hər tərəfdən təzyiqlərə məruz qaldı.
Misal olaraq, 1992-ci ildə ABŞ Konqresi "Azadlığa dəstək aktı"na 907-ci düzəlişi etməklə işğalçı Ermənistana deyil, işğala məruz qalmış Azərbaycana iqtisadi yardımları qadağan etdi. Nə qədər absurd səslənsə də, düzəlişin ləğvi üçün qoyulan şərt belə idi: Ermənistan və "Dağlıq Qarabağ"a qarşı blokada və hücum məqsədli güc tətbiqinin dayandırılması.
Paradoksal olan isə odur ki, bu düzəliş hətta Bakı ilə İrəvan arasında sülh prosesinin aktiv irəlilədiyi, Azərbaycan vasitəsilə tranzit yüklərin Ermənistana daşındığı bu günümüzdə belə 907-ci düzəliş qüvvədə qalır. Baxmayaraq ki, hazırkı ABŞ Prezidenti Donald Tramp bu düzəlişin icrasını müvəqqəti dondurub.
Başqa bir ədalətsizlik nümunəsi: Bakı ilə İrəvan arasında vasitəçilik edən Rusiya 1998-ci ildə Ermənistana 1 milyard dollar məbləğində silah-sursat bağışladı və bu hədiyyələr sonrakı illərdə də davam etdirildi. Hətta Ermənistanın ixtiyarına Rusiyada istehsal olunan, lakin ixracı qadağan edilmiş "İsgəndər M" raketləri də verildi və həmin raketlərlə 44 günlük müharibə zamanı Şuşa hədəfə alındı.
Yeri gəlmişkən, 44 günlük müharibənin gedişində Ermənistanın silahlandırılması xüsusi vüsət almışdı. Rusiya istehsalı olan hərbi təyinatlı yüklərin İran üzərindən Ermənistana daşınmasını sübut edən videolar, həmçinin, Rusiyadan silah dolu təyyarələrin uçuş xəritələri müharibə zamanı aşkarlanmış çoxsaylı faktlardandır.
Təkcə Azərbaycanın 2020-ci ilin 44 günündə və 2023-cü ildə 1 sutka ərzində məhv etdiyi və qənimət götürdüyü silahların dəyəri 5-6 milyard dollara çatır. Ermənistanın dövlət büdcəsinə ötəri nəzər salmaq kifayətdir ki, bu qədər hərbi gücün İrəvanın öz vəsaiti hesabına əldə etmədiyi aydın olsun.
İşğal illərində Ermənistanın dövlət büdcəsi əsasən erməni diasporasının ianələrindən, xarici qrantlardan formalaşıb. İrəvanın işğal etdiyi Azərbaycan torpaqlarında separatçı rejimin saxlanılması da, məhz xarici yardımların hesabına mümkün olub. ABŞ və Fransada erməni diasporası yardım marafonları keçirir, ABŞ konqresi minatəmizləmə adı altında hər il erməni separatçılarına 10 milyon dollar yardım edirdi.
Misal olaraq, o da maraqlıdır ki, bu gün Ukrayna torpaqlarına qoşun yeritmiş Rusiya Qərb dövlətlərinin total iqtisadi sanksiyalarına məruz qalıb. Ancaq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ordu saxlayan Ermənistanın buradan daşıdığı məhsullar həmin Qərb bazarlarına rahatlıqla yol tapırdı. Elə separatçıların liderləri kimi...
Ukrayna və Gürcüstan ərazisindəki separatrçı təsisatların rəhbərlərindən fərqli olaraq Azərbaycan ərazisindəki separatçı erməni rejiminin liderləri də rahatlıqla Qərb dövlətlərinə gedib-gələ, orada görüşlərə qatıla, tədbirlər təşkil edə bilirdilər.
Göründüyü kimi, dünyadakı digər münaqişələr zamanı beynəlxalq hüquqa xitab edən böyük güclər, Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana "ərköyün övlad" şəraiti yaratmışdılar.
Azərbaycan Prezidentinin təbirincə desək, özünü "beynəlxalq ictimaiyyət adlandıran" bir qrup dövlət 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının azad edilməsində maraqlı olmayıb.
Dövlət başçısı İlham Əliyev müharibədən əvvəl də dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş olmadığını bəyan edib. Vasitəçilər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, Azərbaycanı işğal faktı ilə barışdırmaq üçün əllərindən gələni ediblər. Bu destruktiv fəaliyyətin məntiqi nəticəsi 2020-ci ilin dekabrında həmsədrlərin faktiki olaraq Prezident İlham Əliyevin kabinetindən qovulması və nəhayət 2025-ci il dekabrın 1-də Minsk qrupunun tamamilə ləğvi oldu.
Bu gün öz gücü ilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edən Azərbaycan Ermənistanla heç bir vasitəçi olmadan sülh quruculuğu prosesini irəli aparır. Lakin bölgədə sülh gündəliyinin müəllifinin məhz Bakı olması, görünür, bəzi gücləri qane etmir. Ermənistan Fransa və Hindistan tərəfindən silahlandırılır, Avropa platformalarından Azərbaycana siyasi təzyiqlər edilir, Rusiya tərəfindən isə Ermənistandakı revanşist qüvvələr dəstəklənir.
Bütün bunlara baxmayaraq, Azərbaycanın bölgədə yaratdığı reallıqlar dönməz xarakter almaqdadır. Bu gün Azərbaycan üzərindən Ermənistana tranzit yüklər daşınır, ABŞ da daxil olmaqla, bir çox dövlətlər qlobal əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılmasına, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırılmasına, şəhər və kəndlərin bərpasında iştiraka maraq göstərir.
İşğal illərinin izlərini daşıyan "yandırılmış torpağ"a isə artıq həyat qayıdır.











