IMG-LOGO

Zelenskinin 20 maddəlik sülh planı – referenduma çıxarılacaq ərazi - ŞƏRH

25 Dec 2025 15:45 4 baxış
IMG

Son həftələrdə ABŞ, Avropa və Ukrayna rəsmi dövlət nümayəndələri müharibənin bitməsinə dair razılaşma layihəsini müzakirə ediblər. Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski 20 maddəlik bu sənədi təqdim edib. O, planı şərh edərkən deyib ki, Donetsk ərazisi və Zaporojye atom elektrik stansiyası (ZAES) barədə ABŞ təmsilçiləri ilə konsensusa gəlməyiblər: "Ancaq əksər mövqeləri xeyli yaxınlaşdırdıq".

Ukrayna prezidenti mübahisəli məsələləri ABŞ Prezidenti Donald Trampla görüşdə müzakirə etmək istədiyini də vurğulayıb.

Plan təxminən bu istiqamətləri əhatə edir; Ukraynanın suverenliyi, təhlükəsizliyi, NATO ilə münasibətləri, Avropa İttifaqına (Aİ) üzvlüyü, sülh dövründə saxlayacağı hərbçilərin sayı, müharibədən sonrakı dövrdə ölkənin bərpası, Avropanın təhlükəsizliyi və s.

Suverenlik planın birinci maddəsidir. "Ukraynanın suverenliyi yenidən təsdiqlənəcək", - Zelenski bildirib. O qeyd edib ki, tərəflər bunu imzaları ilə təsdiqləyəcək. Ancaq bu məsələdə yarımçıq qalan Ukraynanın ərazi bütövlüyüdür. Bu, planda qeyd olunmayıb.

İkinci maddə regional və qlobal baxımdan əhəmiyyət daşıyan Rusiya və Ukrayna arasında hücum etməmək haqqındadır. Bunun üçün təmas xəttində monitorinq mexanizminin yaradılması nəzərdə tutulub. Bu maddəni atəşkəs rejiminin tətbiqi kimi də anlamaq olar.

Daha sonra Ukraynanın təhlükəsiziyinə dair maddə gəlir. Bunun başlıca təminatçısı ABŞ sayılır. Onun reallaşması üçün tərəflər etibarlı təhlükəsizlik zəmanət verəcək.

Dördüncü maddədə isə qeyd edilib ki, dinc dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayı 800 min nəfər səviyyəsində qalacaq. Bura Müdafiə Qüvvələrin şəxsi heyəti daxil deyil.

Ukrayna əsgərlərinin sayı 12 ilə yaxındır, mübahisə mövzusudur. Hazırda Rusiyaya sığınan, keçmiş prezident Viktor Yanukoviç hələ 2011-ci ildə Ukraynada peşəkar ordu yaradacağını vəd edirdi. O, 2013-cü il dekabrın 14-də hərbi xidmətə son çağırış elan edərək ordunun yalnız müqavilə əsasında formalaşdırılmasına keçid haqqında fərman imzalamışdı. Ehtimal edilir ki, bu, Rusiya ilə potensial müharibə vəziyyətində olan Ukraynanın hərbi hazırlığını zəiflədib. Çünki bu, cəmiyyətdə müəyyən arxayınlıq yaratmışdı.

Krımın işğalı zamanı Yanukoviçin yaratdığı ordu dişsizliyini nümayiş etdirdi. Bu, həm də cəmiyyətin "başının altına yastıq qoymaq" anlamına gəlirdi. Yanukoviç konstitusiyada bu dəyişikliyi etməklə tərəfdarlarını artırmağı da hədəfləyirdi.

Moskva 2022-ci ildə Ukrayna ordusunun sayının 85 min nəfərə qədər məhdudlaşdırılmasını tələb edirdi.

Bundan başqa, bu il noyabrın sonunda 28 maddəlik Uitkof-Dmitriyev planında dinc dövr Ukrayna ordusunun sayının 600 min nəfərədək məhdudlaşdırılması nəzərdə tutulurdu.

Ukrayna NATO-ya üzv olmaq istəyindən imtina edir. Ancaq ABŞ, NATO və Avropa dövlətləri ona Alyansın nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri verəcəklər. Bu isə Ukraynaya hücumun NATO-ya hücum kimi dəyərləndirilməsidir. Başqa sözlə, sülh sazişi imzalandıqdan və qüvvəyə mindikdən sonra istənilən ölkənin Ukraynaya hücum etməsinə 5-ci maddə əsasında cavab veriləcək.

Ona görə də planda Ukraynanın NATO-ya qoşulmaması haqqında maddə yoxdur.

Əvvəlki variantda isə belə bir maddə var idi. Çünki Rusiya Ukraynanın Alyansa üzv olmasına qəti şəkildə etiraz edir.

Volodimir Zelenski ölkəsi ilə NATO-nun gələcək münasibətlərini şərh edərkən deyib: "Bu, ABŞ, Ukrayna, Avropa və Rusiya arasında bir sazişdir. Fikrimizcə, Ukraynanı qəbul edib-etməmək NATO üzvlərinin seçimidir. Biz bu barədə seçimimizi artıq etmişik".

"Maydan" hərəkatının hədəfi Ukraynanın Qərbə inteqrasiya etmək, o cümlədən, Avropa İttifaqı və NATO-ya tamhüquqlu üzv olaraq qəbul edilmək olub. Rusiya bunu özünə təhlükə saydığı üçün məlum addımları atıb. Moskva bununla həm də ətrafına müxtəlif vasitələrlə cəmlədiyi keçmiş müttəfiq respublikaların uzaqlaşacağından ehtiyatlanıb. Bu səbəbdən də "xüsusi əməliyyat" adı altında Ukraynaya qoşun yeritdi.

Rusiya Ukraynanın Avro-Atlantk blokuna üzv olmasında qəti etiraz etdiyi halda onun Avropa İttifaqına üzvlüyünə qarşı qısqanclıq göstərmir.

Zelenskinin açıqlamasına əsasən, plan təsdiqlənəcəyi halda ölkəsi 2027 və ya 2028-ci ildə İttifaqa üzv ola bilər.

Layihəyə görə, Ukrayna Aİ üzvü olacaq və Avropa bazarına qısamüddətli imtiyazlı giriş əldə edəcək.

İttifaqa üzvlük Ukrayna təhlükəsizliyi üçün zəmanətlərdən biri sayılır.

Plana əsasən, Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini öz qanunvericiliyində təsbit etməlidir. Qərb bununla Moskvadan qarant almış olur. Bu, perspektivdə Avropa ölkələrinin daxili işinə RF-nin müdaxiləsinin məhdudlaşdırılması ilə də nəticələnə bilər. Sənəd onu Avropaya qarşı ənənəvi müharibə hədələrindən imtina anlamına da gəlir. Bu, RF-yə Qərblə iqtisadi-ticarət əlaqələrini genişləndirmək üçün əlavə imkanlar verə bilər.

Ukraynaya sərmayələrin cəlb edilməsi, müharibədən sonrakı dövrdə ölkənin bərpası kimi məsələlər də planda qeyd olunub. Rəsmi Kiyev bu məqsədlə fondun yaradılacağını, 800 milyard dollar cəlb ediləcəyini gözləyir.

Sənəd imzalanacağı təqdirdə Ukrayna ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək.

Bu plan perspektivdə Vaşinqton və müttəfiqlərinin RF-yə tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına da yol açacaq. Çünki qarşıdan gələn ildən Avropa ölkələrinin RF ilə neft və təbii qaza dair imzaladıqları müqavilələrin müddəti başa çatır. "Qara neft donanmasının" fəaliyyəti isə günü-gündən məhdudlaşdırılır. Xüsusən, son zamanlar Qara dənizdə qaçaq neft daşıdığı iddia olunan tankerlərin vurulması, Venesuelada "qara qızıl" daşıyan gəmilərin ABŞ tərəfindən ələ keçirilməsi kimi hadisələr RF-nin qara bazara yolunu da ya daraldır, ya da birdəfəlik bağlayır. Bu onu ticarəti qanuni yollarla aparmağa məcbur edir.

Ukrayna Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq nüvəsiz dövlət kimi qalacağını da plana uyğun təsdiqləyir.

Həllini tapmayan iki məsələdən biri Zaporojye atom elektrik stansiyasının istismarıdır. ABŞ təklif edir ki, stansiya Ştatlar, Ukrayna və Rusiya tərəfindən birgə idarə olunmalıdır. Bunun üçün obyektin idarə edilməsində hər tərəfə 33% pay təklif edir. Volodimir Zelenskinin bildirdiyinə görə, bu, Ukrayna üçün "uğursuzdur və real deyil". Çünki Kiyev Moskva ilə birgə kommersiya fəaliyyəti aparmaq istəmir.

Kiyevin isə ZAES ABŞ və Ukraynanın daxil olduğu birgə müəssisə tərəfindən istismar edilməsini, eyni zamanda, istehsal olunan elektrik enerjisinin 50%-ni Ukrayna, qalan 50%-in bölüşdürülməsini isə ABŞ-nin müstəqil şəkildə müəyyən etməsini təklif edir. Zelenskinin sözlərinə görə, əgər "harada dayanmışıqsa, orada dayanırıq" formatı üzrə razılaşmaq mümkün olsa, Ukrayna bu saziş əsasında müharibəni bitirə və Zaporojye atom stansiyası ilə bağlı məsələni "həll edə" bilər.

Ərazi məsələsi ikinci başlıca mübahisəli və ən mürəkkəb məsələ olaraq sənəddə göstərilib. Ukrayna atəşkəsin saziş imzalandığı andan qoşunların faktiki yerləşmə xətti üzrə, ərazi dəyişiklikləri tanınmadan qeydə alınmasında israr edir. Rusiya isə Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayələrinin bir hissəsindən qoşunlarını çıxarmasını istəyir. Rəsmi Kiyev Rusiyanı qoşunlarını Ukraynanın Sumı, Nikolayev, Xarkov və Dnepropetrovsk vilayətlərindən çıxarmasını şərt olaraq irəli sürür.

Sənədə əsasən, gələcək ərazi razılaşmalarından sonra Rusiya Federasiyası və Ukraynanın bu anlaşmanı güc yolu ilə dəyişdirməməyi öhdəsinə götürür.

Planda Ukraynada Prezident seçkisinin keçirilməsi, xüsusən ərazi məsələsində razılaşdırılmayan məsələlərin referendumla həlli nəzərdə tutulur.

Bu layihə Donald Trampın irəli sürdüyü təkliflərdən elə çox fərqlənmir. ABŞ Prezidentinin layihəsində Ukraynaya ərazi güzəşti də təklif olunurdu. Zelenski variantında isə iki mübahisəli məsələ - ZAES və ilhaq edilmiş ərazilər referenduma çıxarılır.

Zelenski planını davamlı atəşkəs paketi də adlandırmaq olar. Çünki sənəddə Ukraynanın ərazi bütövlüyü vurğulanmır. Bu isə Rusiyanın ilhaq etdiyi ərazilərin beynəlxalq səviyyədə tanınması üçün yol açır.

Barəsində qısa məlumat verdiyimiz bu sənəd reallaşarsa, gələcəkdə mübahisəli məsələlərin danışırlar vasitəsi ilə həlinə də imkan yaradar. Krım yarımadasından planda söz açılmaması da bu ehtimalı isbatlayır. Çünki əvvəllər Ukrayna Rusiya ilə danışıqlarda zəif idi. Ancaq plan imzalanacağı halda dialoqlarda ona Qərb beynəlxalq qanunlar və münasibətlər çərçivəsində asanlıqla dəstək verə, yardım göstərə bilər.

Planın gələcəkdə inkişaf etdirilməsi postsovet məkanında Moldova və Gürcüstandakı münaqişələrin həlli üçün də örnək olar.

Rusiya hələ ki bu sənədə reaksiya verməyib. Kreml təmsilçiləri planı araşdırdıqlarını bildirirlər. Zelenski planında ABŞ, Avropa və Ukrayna ortaq mövqedən çıxış edirlər. Bu isə həm də Kremlin onları bir-birindən ayırmaq, biri-birinə qarşı qoymaq cəhdlərinin puça çıxması deməkdir. Ona görə də Moskva ya planla razılaşıb yeni müqavilələr imzalayacaq, ya da ABŞ başda olmaqla müttəfiqlərinin yeni sanksiyalarına tuş gələcək. Bu şəraitdə onu Hindistandan cəlb etdiyi canlı qüvvələr belə çətin xilas edə.

Rəsmi Kiyev ərazi bütövlüyü ilə bağlı məsələni referenduma çıxarmaqla sülh üçün yeni beynəlxalq şərait yaradır. Odur ki, Volodimir Zelenski həmkarı Vladimir Putini yeni bir sınağa çəkir. Rusiya hələ də barışa mane kimi görünür.

Xəbər lenti