Azərbaycanın iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslər nəticəsində bir çox sahələr sürətlə inkişaf edir. Qeyri-neft ixracının təşviqində mühüm rol oynayan Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO yerli istehsalçıların beynəlxalq bazarlara çıxışını dəstəkləməklə yanaşı, "Made in Azerbaijan" brendinin xarici bazarlarda tanıdılmasına mühüm töhfə verir. Dövlət dəstəyi və strateji yanaşma çərçivəsində bir sıra yerli şirkətlər beynəlxalq arenada uğur qazanmağa nail olub.
2004-cü ildə təsis edilmiş "Aqro-Azərinvest" MMC qısa müddət ərzində Azərbaycanın şərabçılıq və spirtli içki sənayesində aparıcı mövqelərdən birini tutaraq belə uğurlu nümunələrdən biridir. Şirkətin fəaliyyəti müasir qlobal texnologiyalarının tətbiqi ilə Azərbaycan şərabçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və ölkənin bu sahədə beynəlxalq nüfuzunun artırılmasına yönəlib.
2004-2007-ci illər ərzində "Aqro-Azərinvest"ə məxsus torpaq sahələrində ümumilikdə 900 hektara yaxın müasir üzüm bağları salınıb. Sözügedən bağlar Qəbələ, Göygöl, Yevlax, Cəlilabad və Lənkəran rayonları kimi əlverişli iqlim və torpaq şəraitinə malik bölgələrdə yerləşir. Bağlarda yerli Mədrəsə və Bayan Şirə sortları ilə bərabər, Gürcüstan və Avropa mənşəli üzüm sortlarının becərilməsi məhsul çeşidinin zənginliyini və yüksək keyfiyyətini təmin edir. Güclü xammal bazası şirkətə 2006-cı ilin sentyabr ayından etibarən istehsal fəaliyyətinə uğurla başlamağa imkan verib. Bu çərçivədə Göygöl və Lənkəran rayonlarında üzümün qəbulu və ilkin emalı üçün filiallar fəaliyyət göstərir. Eyni zamanda, şərab və konyak məhsullarının süzülməsi və qablaşdırılması Qəbələ və Göygöldə yerləşən müasir zavodlarda həyata keçirilir. Mövcud texnoloji imkanlar eyni vaxtda 5 milyon litr şərabın saxlanmasına və illik 8 milyon şüşə məhsulun istehsalına şərait yaradır.
Bütün bu imkanlar "Aqro-Azərinvest"ə geniş və rəngarəng məhsul portfeli formalaşdırır. Müəssisədə həm ənənəvi Azərbaycan şərabları, həm də müasir üslubda hazırlanmış məhsullar istehsal olunur. "Qəbələ", "Basarkeçər", "Vedibasar", "Nazlı", "Gözəl", "Şah", "Şərq Gözəli" kimi tanınmış şərab markaları şirkətin əsas məhsulları sırasında xüsusi yer tutur. Müəssisədə yüksək keyfiyyətli konyak istehsalı da həyata keçirilir. "Gold Baku", "Qəbələ", "Hayat", "Mersi Baku", "İsgəndər" və "Vəzir" markaları altında istehsal olunan bu məhsulların hazırlanmasında yerli xammaldan və 3 ildən 15 ilədək palıd çəlləklərdə saxlanılmış spirtlərdən istifadə olunur.
"Aqro-Azərinvest"in məhsulları MDB və Avropa ölkələrində keçirilən beynəlxalq dequstasiya və müsabiqələrdə dəfələrlə mükafatlara layiq görülüb. İstehsal olunan məhsulların 50 %-dən çoxu ixrac edilir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Avropa ölkələri və İsrail əsas ixrac bazarları sırasında yer alır. Bununla yanaşı, şərab materialları və konyak spirtləri də xammal kimi xarici bazarlara ixrac olunur. Beynəlxalq fəaliyyətin genişləndirilməsi məqsədilə "Aqro-Azərinvest" AZPROMO-nun dəstəyi ilə Türkiyə, Rusiya, Almaniya və Çində keçirilən nüfuzlu beynəlxalq sərgilərdə iştirak edərək məhsullarını tanıdır.
Nəticə etibarilə, davamlı inkişaf strategiyasına uyğun olaraq şirkət yeni üzüm bağlarının salınmasını, məhsul çeşidinin genişləndirilməsini və istehsal gücünün artırılmasını qarşıya əsas məqsəd kimi qoyub. Bu yanaşma "Aqro-Azərinvest"i Azərbaycan şərabçılıq sənayesində keyfiyyətə əsaslanan uğurlu və etibarlı brend kimi möhkəmləndirir.




