Hondurasın Milli Seçki Şurası (MSŞ) ABŞ lideri Donald Tramp tərəfindən dəstəklənən Milli Partiyanın nümayəndəsi Nasri Asfurunu prezident seçkilərinin qalibi elan edib.
"Report"un məlumatına görə, bu barədə MSŞ-nin rəhbəri Ana Paola Holl "X" sosial şəbəkəsində açıqlama verib.
"Seçki məntəqələrində Honduras seçicilərinin suveren şəkildə ifadə etdiyi iradəsinə əsasən, Milli Seçki Şurasının plenar iclası Honduras Respublikasının Konstitusiyaya uyğun seçilmiş prezidenti olaraq vətəndaş Nasri Juan Asfuru Sablanı elan edir. Onun dörd illik müddəti 27 yanvar 2026-cı ildən başlayacaq, 27 yanvar 2030-cu ildə başa çatacaq. Milli Partiyanı təmsil edən Asfura 18 757 protokolun – bu, nəticələrin 97,86%-nə bərabərdir – hesablanması nəticəsində 1 479 748 etibarlı səs qazanıb", – Holl yekun protokolu oxuyaraq bildirib.
MSŞ üzvü Koset Lopes isə açıqlamasında qeyd edib ki, Nasri Asfura 40,27% səs toplayıb. İkinci yerdə Liberal Partiyanın namizədi Salvador Nasralla qərarlaşıb, ona seçicilərin 39,53%-i səs verib.
Hakim LIBRE Partiyasının namizədi Rikssi Monkada isə 19,19% səs toplayıb. O əlavə edib ki, yekun nəticənin dəyişməsi üçün riyazi ehtimal mövcud deyil.
ABŞ Dövlət katibi Marko Rubio siyasətçini təbrik edib və gələcək ikitərəfli əməkdaşlığa ümidini ifadə edib.
"Honduras xalqı öz sözünü dedi: Nasri Asfura – Hondurasın növbəti prezidentidir. ABŞ seçilmiş prezidenti təbrik edir və onun administrasiyası ilə əməkdaşlıq edərək yarımkürəmizdə rifah və təhlükəsizliyin təmin olunmasına ümid edir", – dövlət katibi "X"də yazıb.