Hacıqabul rayonunda 2026-cı ildə Qubalı, Tağlı, Birinci Udulu, İkinci Udulu, Birinci Paşalı, İkinci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlər görüləcək.
"Report" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, bu barədə Hacıqabul rayonunun Muğan qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunması ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd edilib ki, bu kəndlərin ümumi əhali sayı 7 184 nəfərdir. Həmçinin əhalisi 3 192 nəfər və 820 təsərrüfatdan ibarət olan Qarasu kəndində də yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır.
Məlumata əsasən, bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib. Muğan qəsəbəsində 5 843 nəfər əhali məskunlaşır. Qəsəbənin günlük su tələbatı 1 200 m³ təşkil edir. Kür–Bakı magistral su xəttindən ayrılmış, uzunluğu 5 000 metr olan ana xətt və 20 kilometr müxtəlif diametrli daxili şəbəkə vasitəsilə Muğan qəsəbəsində yerləşən 890 fərdi yaşayış evi tam şəkildə içməli su ilə təmin olunub, 890 təsərrüfata birləşmə verilib və bütün abonentlər sayğaclaşdırılıb. Şəbəkənin ümumi uzunluğu 115 km təşkil edir.
Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində ümumilikdə 11 256 abonentə içməli su xidməti göstərir. Rayon ərazisində daxili su şəbəkəsinin uzunluğu 225 kilometrdir. Rayon ərazisində 2 500 m³ su tutumuna malik bir ədəd su anbarı mövcuddur. Rayonun 30 kəndindən 21-nə içməli su xidməti göstərilir. Şəhərin özündə isə 5 905 abonent mövcuddur. İçməli su təchizatı Kür Su Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.







