Qış mövsümünə xas olan klassik soyuqdəymə zamanı instinkt bizə daha kalorili yeməklər yeməyi və ya “sınaqdan çıxmış” isinmə üsullarına əl atmağı təlqin edir. Lakin qidalanma üzrə mütəxəssislər xəbərdarlıq edir ki, adətən faydalı hesab edilən bəzi məhsullar əslində xəstəliklə mübarizədən yorulmuş orqanizm üçün əlavə yük yaradır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, soyuqdəymə zamanı rasiondan çıxarılması tövsiyə olunan məhsullar bunlardır.
Acı yeməklər
Cəmiyyətdə acı bibərin burun tutulmasını açdığı barədə fikir geniş yayılıb və bu, qismən doğrudur. Bibərə acılıq verən kapsaisin maddəsi şişkinliyi müvəqqəti azalda və nəfəs almanı bir qədər yüngülləşdirə bilər. Lakin həkimlər bu təsiri “iki uclu qılınc” adlandırırlar.
Dietoloq Maykl Edninin sözlərinə görə, acı yeməklər boğaz qıcıqlanmasını və öskürəyi artıra, həmçinin mədə-bağırsaq narahatlıqlarına səbəb ola bilər. Qastroenteroloq Vill Bulsyeviç isə bildirir ki, boğaz ağrısı olduqda acı qidalar vəziyyəti daha da ağırlaşdıra və ürəkbulanma yarada bilər.
Alkoqol
Alkoqolun orqanizmdə mikrobları “öldürdüyü” barədə mifə inanmaq olmaz. Əslində, spirt immun sisteminə ciddi zərbə vurur. Həkimlər alkoqolu “üçqat təhlükə” adlandırır. Çünki o, immun hüceyrələrin fəaliyyətini zəiflədir, orqanizmi susuzlaşdırır ki, bu da hərarət zamanı xüsusilə təhlükəlidir, həmçinin bərpa üçün ən vacib amillərdən biri olan yuxu rejimini pozur.
Vill Bulsyeviç qeyd edir ki, alkoqol orqanizmi eyni anda iki cəbhədə mübarizəyə məcbur edir, həm virusa, həm də spirtin yaratdığı metabolik yüklənməyə qarşı.
Yağlı və qızardılmış yeməklər
Çipslər, kartof fri və yağlı burgerlər xəstəlik zamanı ən pis seçimlərdəndir. Bu cür qidalar çox gec həzm olunur, köp və bağırsaqlarda iltihaba səbəb olur. Nəticədə orqanizm sağalmağa enerji sərf etmək əvəzinə, ağır həzm prosesinə güc itirir.
Şirin içkilər
Qazlı içkilər və şirin şirələr sağalma prosesini ləngidən amillər sırasındadır. Şəkər qanda qlükozanın səviyyəsini sürətlə yüksəldir ki, bu da immun sisteminin fəaliyyətini zəiflədir. Üstəlik, bu içkilər orqanizmin ehtiyac duyduğu nəmlənməni təmin etmir.
Bəs nə yemək lazımdır?
Mütəxəssislər soyuqdəymə zamanı “sadə və qidalandırıcı” prinsipinə əməl etməyi tövsiyə edir. Bu dövrdə ən uyğun qidalar bunlardır: isti, az yağlı bulyonlar; bitki çayları; yulaf sıyığı və ya düyü; banan və sobada bişmiş alma. Ən vacib məqam bol maye qəbulu və yüngül qidalanmadır. Bu, orqanizmin əsas mübarizəyə virusa qarşı savaşa fokuslanmasına kömək edir.
Qeyd edək ki, mütəxəssislər sitrus meyvələrinin də soyuqdəymə zamanı faydalı olduğunu bildirir. Portağal, limon və qreypfrut təkcə dadlı deyil, həm də immuniteti gücləndirərək sağalmanı sürətləndirir.
soyuqdəymə xəstəlik yemək qidalanma