IMG-LOGO

Niyə əksər qadınlar hündürboy kişiləri sevirlər?

24 Dec 2025 17:22 4 baxış
IMG
0 0

Kişi boyunun qadınlar üçün niyə bu qədər əhəmiyyətli olduğu, bu seçimin təkcə zövqlə deyil, həm də təkamül və psixoloji amillərlə bağlı olduğu yeni araşdırmada açıqlanıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, aparılan tədqiqat göstərib ki, qadınlar orta hesabla özlərindən təxminən 20 santimetr hündür olan partnyorları üstün tuturlar.

İlk baxışda bu, sadəcə şəxsi seçim kimi görünsə də, alimlər bildirir ki, bu meylin kökləri həm insan təkamülünə, həm də müasir sosial qavrayışlara dayanır.

Təkamül baxımından yanaşma

Təkamül psixologiyasına görə, qədim dövrlərdə hündür kişilər rəqiblərlə fiziki mübarizədə daha üstün mövqedə olur, qadınları və uşaqları daha yaxşı qoruya bilir, ailəni qida ilə təmin etmək imkanına malik olurdular.

Hündür kişiləri seçən qadınların övladlarının sağ qalma və nəsil davam etdirmə ehtimalı daha yüksək olub. Tədqiqatçılar hesab edirlər ki, bu meyl müasir dövrdə də qadınların şüuraltında qalmaqdadır, baxmayaraq ki, bu gün fiziki təhlükə əvvəlki qədər aktual deyil.

Sosial və psixoloji səbəblər

Mütəxəssislər bildirirlər ki, kişi boyu bu gün də güc, nüfuz və özünə inamla əlaqələndirilir. Qadınlar hündür kişinin yanında özlərini daha güvənli hiss edə bilirlər. Bundan əlavə, statistik olaraq hündür kişilər daha tez-tez rəhbər vəzifələr tutur və daha yüksək gəlir əldə edirlər.

Psixoloji baxımdan isə, qadının hündür kişiyə yuxarıdan aşağı baxması şüuraltı olaraq onun statusunu və təsir gücünü daha böyük kimi qəbul etməsinə səbəb ola bilər.

Hər zaman boy həlledicidirmi?

Araşdırmalar göstərir ki, boy vacib amil olsa da, münasibətlərdə yeganə meyar deyil. Bir çox qadın öz boyuna bərabər və ya bir qədər alçaq kişilərlə də ailə qurur. Sevgi, qayğı, ortaq maraqlar və xarizma münasibətlərdə daha uzunmüddətli rol oynayır.

Statistikaya görə, partnyorlar arasındakı orta boy fərqi adətən 12–13 santimetr təşkil edir və çox böyük fərqlər nadir hallarda rast gəlinir.

Maraqlıdır ki, kişilər də hündür qadınlara meyl göstərə bilirlər, lakin əksər hallarda özlərindən orta hesabla 8 santimetr qısa qadınları seçirlər. Bu hal oxşar fiziki və genetik xüsusiyyətlərə malik partnyor axtarışı ilə xarakterizə olunan assortativ cütləşmə anlayışı ilə izah olunur.

Hündür partnyor tapmaq istəyənlər üçün

Araşdırmaya görə, orta boy göstəricisi yüksək olan ölkələr sırasında Avstraliya və Niderland xüsusi yer tutur. Niderland kişi və qadınların orta boyuna görə dünya üzrə lider ölkə hesab olunur.

Boyu orta göstəricidən aşağı olan kişilərə isə mütəxəssislər ruhdan düşməməyi tövsiyə edirlər. Liderlik bacarıqları, xarakter gücü, ünsiyyət qabiliyyəti və yumor hissi münasibətlərdə boydan daha önəmli ola bilər.

Alimlər vurğulayırlar ki, qadınların hündür kişilərə üstünlük verməsi elmi faktlarla izah olunsa da, boy nə sevginin təminatıdır, nə də münasibətlərdə uğursuzluğun hökmü. Əsas olan özünə inamlı olmaq, münasibətə dəyər vermək və ən yaxşı keyfiyyətlərini ortaya qoymaqdır.

cütlük münasibət

Xəbər lenti