IMG-LOGO

MM-in komitə sədri: Qohum evliliyinin qadağan edilməsindən narazılıq cüzi səviyyədədir

24 Dec 2025 15:46 3 baxış
IMG

Qohum evliliyini qadağan edən qanun layihəsinin qəbulu zamanı cəmiyyətə bir il möhlət verdik, bu zaman ərzində sosial mediada, yaxud cəmiyyət arasında çox nadir narazılıqla rastlaşdıq.

"Report"un məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" adlı panel müzakirədə sual-cavab sessiyası zamanı müvafiq suala cavab verərkən deyib.

O deyib ki, bu möhlətin verilməsi həmin qanuna cəmiyyətin münasibətini öyrənmək üçün zəruri idi:

"Nəticədə biz gördük ki, doğru yoldayıq, çünki əksəriyyət bu qanunu çox müsbət qarşıladı. Belə də olmalıdır, çünki bu qanun gələcəyi düşünməkdir".

H.Hüseynova əlavə edib ki, Azərbaycanda müəyyən dini azlıqlar var və onların bəzilərində yalnız öz icmalarına mənsub şəxslərlə evliliyə icazə verilir:

"Bu isə çox böyük problemlərə yol açır. Mən uzun illər komitə sədri işləmişəm. Bilirsiniz, bununla bağlı problemə görə nə qədər insan müraciət edirdi?"

Komitə sədri bildirib ki, bu məsələdə yalnız yerli təcrübəyə əsaslanmaq daha doğrudur:

"Məgər biz özümüz bununla bağlı uyğun təşəbbüslə çıxış edə bilmərik? Əlbəttə, edə bilərik, etdik də. Mən sizi tam əmin edirəm, xarici səfərlərimizdə belə bir qanun layihəsini qəbul etdiyimizi dedikdə, əcnəbilər bizi alqışlayırlar".

O, ölkədə fəaliyyət göstərən dini icmalara da müraciət edib.

"Mən dini icmalara, axundlara müraciət edirəm: Siz də cəmiyyətə bu yöndə təsir etməlisiniz. Çünki nə etsək də, cəmiyyətdə məsuliyyətsiz insanlar var, o adamlarla işləmək lazımdır. Digər tərəfdən, elə ailələr var ki, orada qız uşağının doğulması faciə kimi qarşılanır. Belə hallarla mübarizədə dini icmalar, axundlar bizə kömək etməlidirlər. Ailədə məsuliyyət olmalıdır. Dünyada qız uşaqlarının abort edilməsinə görə ön sıralardayıq. Bununla mübarizəni birlikdə aparmalıyıq".

Xəbər lenti