IMG-LOGO

Din Xadimlərinin II Forumunda qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi mövzusuna toxunulub

24 Dec 2025 15:50 3 baxış
IMG

Azərbaycan Din Xadimlərinin II Forumunda "Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: Müasir metod və innovativ yanaşmalar" mövzusunda panel müzakirə keçirilib.

"Report" xəbər verir ki, panelə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev moderatorluq edib.

Müzakirədən öncə Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksey Smirnov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxış ediblər.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, informasiya axını və texnoloji inkişaf cəmiyyəti tədricən anonimliyə doğru aparır:

"Anonimlik özü-özünü gücləndirən bir vəziyyət yaradır. Belə bir şəraitdə sosial normalar zəifləməyə başlayır, dəyərlər aşınır, məsuliyyətsizlik və köksüzlük meydana çıxır. Bu isə mənəvi boşluq, psixoloji pozuntular və müxtəlif yayınmalar yarada bilir. Nəticədə cəmiyyətin sabitliyi pozula bilər. Bu prosesdən ən çox təsirlənən isə gənclərdir. Onların dəyərləri, baxış bucaqları və həyata münasibətləri dəyişir. Bəs bunun qarşısına nə qoymaq olar? Yalnız ailə, sosial mühit və mədəni dəyərlər. Bu gün düşüncə dəyişikliklərinin qarşısında dayana biləcək məhz bunlardır".

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov öz növbəsində mediasiyanın əhəmiyyətindən danışıb:

"Mediasiya haqqında" qanun vətəndaşa bir hakimin, prokurorun, yaxud istintaq orqanının verəcəyi qərar səlahiyyətini birbaşa özünə qaytarır. Qanun deyir ki, qərarı başqası yox, tərəflərin özləri versin. Beynəlxalq təşkilatlar Mediasiya Şurasına layihələr təklif edəndə mediasiyanın müxtəlif növlərini gündəmə gətirirlər. Mediasiyanın çoxsaylı formalarından biri də konfessiyalar və dinlərarası münaqişələrin həlli ilə bağlıdır. Biz bu istiqaməti açıq şəkildə qəbul etmədik. Çünki ölkədə bu problem mövcud deyil".

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksey Smirnov isə vurğulayıb ki, müasir paradiqmada vicdan azadlığının tərkib hissələrinə birləşmə azadlığı, dövlətin dünyəvi xarakteri və çoxkonfessiyalı, çoxdinli cəmiyyətin mövcudluq prinsipi kimi dini dözümlülük daxildir:

"Dövlətin dünyəvi xarakteri cəmiyyətdə vicdan azadlığının əsas təminatçısı olaraq qalmaqda davam edir və bəzi ölkələrdə bu prinsip hər yerdə tam şəkildə qorunmasa da, öz əhəmiyyətini saxlamalıdır. Azərbaycanda dini tolerantlığın spesifikliyi bütün dini institutların və ideologiyaların dinc birgə yaşayışında özünü göstərir. Dindar insan özü ilə eyni imana sahib insanların əhatəsində, yəni çoxkonfessiyalı cəmiyyət şəraitində yaşamağa can atır, lakin bu mühit ona dini identikliyini qoruyub saxlamaq imkanı verdiyi halda, polikonfessiyalılıq və sekulyarizm şəraitinə uyğunlaşır".

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin sözlərinə görə, din xadimləri gənclərin maarifləndirilməsindən danışarkən belə bir nəticəyə gəlirlər ki, ənənəvi dini dəyərləri ənənəvi üsullarla müdafiə etmək çətindir:

"Çünki müasir dövrdə tarixən formalaşmış ənənəvi üsullar öz yetərliliyini itirməyə başlayır. Bu səbəbdən biz yeni, innovativ, gələcəyə yönəlmiş, "yeni nəsil" adlandırdığımız gənclərin tələblərini və gözləntilərini nəzərə alan, onların problemləri və düşüncələri ilə sinxron şəkildə formalaşan yeni bir təfəkkür, düşüncə sistemi yaratmalıyıq. Eyni zamanda yeni maarifləndirmə modelini inkişaf etdirməliyik".

Çıxışlardan sonra panel müzakirə və sual-cavabla davam edib.

Xəbər lenti