Dini icmalar qadınların sosial və mənəvi inkişafında mühüm rol oynaya bilər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Bakıda keçirilən Din Xadimlərinin II Forumu çərçivəsində "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" adlı paneldə deyib.
Onun sözlərinə görə, ilk növbədə, bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir:
"Məsələn, qadınların sosial həyatda aktiv iştirakı təşviq edilməlidir. Həmçinin, ailə dəyərlərinin formalaşdırılması istiqamətində maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Qadınların müxtəlif sahələr üzrə potensialını üzə çıxarmaq, onların sosial-iqtisadi sahələrdə iştirakının təmin edilməsi üçün layihələr həyata keçirilməlidir".
Hicran Hüseynova Azərbaycanın dünyəvi dövlət olduğunu xatırladaraq bildirib ki, ölkədə insan hüquq və azadlıqları istər beynəlxalq, istərsə də milli qanunvericilik səviyyəsində paralel şəkildə qorunur.
Eyni zamanda deputat vurğulayıb ki, Milli Məclisdə erkən nikah, qızların təhsildən yayınması, qadınlara qarşı zorakılıq və s. məsələlərdə dini icmaların da rəy və təklifləri dinlənilib.