Adi məişət cihazları əhəmiyyətli dərəcədə ultra incə hissəciklərin mənbəyi ola bilər ki, bu hissəciklər də ağciyərlərə dərindən nüfuz etmək qabiliyyətinə malikdir.
Lent.az xəbər verir ki, bu qənaətə Pusan Milli Universitetinin alimləri gəliblər və müvafiq tədqiqatın nəticələri "Journal of Hazardous Materials" (JHM) nəşrində dərc edilib.
Tədqiqatçılar laboratoriya şəraitində müxtəlif cihazların işi zamanı onlardan ayrılan ultra incə hissəciklərin (UFP) tullantılarını ölçüblər. Ən "çirkli" məişət cihazı çəkmə mexanizmi olan toster olub ki, hətta içərisində çörək olmasa belə, dəqiqədə 1.73 trilyon hissəciyə qədər tullantı buraxıb.
Əhəmiyyətli dərəcədə tullantılar həmçinin hava qızdırıcılarında və saç qurutma aparatlarında (fen), ilkin növbədə kollektor elektrik mühərrikli modellərdə qeydə alınıb. Eyni zamanda fırçasız mühərrikli müasir fenlər 10-100 dəfə az hissəcik buraxıb.
Kompüter modelləşdirməsi göstərib ki, bu hissəciklər praktiki olaraq burun boşluğunda qalmır və ağciyərlərin dərin hissələrinə nüfuz edir. Uşaqlar xüsusilə həssasdırlar, çünki onların tənəffüs yolları daha dardır. Tullantıların kimyəvi tərkibi alimlər arasında əlavə narahatlıqlar doğurub: hissəciklərdə mis, dəmir, alüminium və titan da daxil olmaqla ağır metallar aşkarlanıb ki, böyük ehtimal, onlar cihazlardakı qızdırıcı elementlərdən və mühərriklərdən ayrılır.
Müəlliflər qeyd edirlər ki, əvvəlki tədqiqatlar ultra incə hissəcikləri astma, ürək-damar xəstəlikləri, diabet və xroniki iltihab riskinin artması ilə əlaqələndirib.
MƏİŞƏT CİHAZLARI