Kamikadze dronları ilə müharibədə qalib gəlməyin açarı ədədi üstünlüyə əsaslanan kütləvi hücumlardır.
"Report"un məlumatına görə, bu barədə Çin Xalq Azadlıq Ordusunun rəsmi nəşri olan "The People's Liberation Army Daily" məlumat yayıb.
Qəzet "Dronlardan istifadə edərək müharibədə qalib gəlmək üçün formulun araşdırılması" başlıqlı məqalədə düşmənin dəyərli resurslarını davamlı olaraq tükətmək və bununla da döyüş meydanında minimal xərclə optimal döyüş effektivliyinə nail olmaq üçün ucuz pilotsuz sistemlərin yerləşdirilməsinə ehtiyac olduğunu yazıb.
Birlikdə hərəkət edən çox sayda dron düşməni tükəndirə və onları passiv müdafiəyə məcbur edə bilər. Yerüstü pilotsuz döyüş maşınları və hava dronları birlikdə fəaliyyət göstərə bilər. Birincilər atəş zərbələri və hədəflərin vurulmasından, ikincilər isə kəşfiyyat və dəstəkdən məsuldur.
Pilotsuz döyüşün effektivliyini artırmaq üçün bu cür sistemlər daha çox muxtariyyət, koordinasiya və kəşfiyyat, eləcə də ənənəvi taktikaların pilotsuz texnologiya ilə inteqrasiyasını tələb edir.
May ayının sonunda Pekin 100-ə qədər kiçik dron daşıya bilən Jiu Tian ("Səmavi Yüksəkliklər") pilotsuz təyyarəsinin sınaqlarının keçirəcəyini elan edib. Sınaqların iyun ayında keçirilməsi planlaşdırılıb. Jiu Tian-ın maksimum uçuş məsafəsi 7000 km-dir.