Moldova hökuməti Ukraynadan taxıl idxalına qoyulan məhdudiyyətləri 2026-cı ilin əvvəlində aradan qaldıracaq.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Lyudmila Katlabuqa danışıb.
Qeyd olunub ki, xüsusi lisenziyalaşdırma rejimi 31 dekabr 2025-ci ildən sonra aradan qaldırılacaq. Nazirin sözlərinə görə, hazırkı qanunvericilik bazası məhdudiyyətin uzadılmasına imkan vermir.
"170 nömrəli Qanuna əsasən, taxıl idxalının lisenziyalaşdırma rejimi artıq uzadılmanı nəzərdə tutmur. Nəticədə biz adi rejimə keçirik", - Katlabuqa vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, hakimiyyət taxıl bazarına nəzarətin sərt mexanizmini saxlamaq niyyətindədir.
"Bazarda kəskin sarsıntılara yol verməmək üçün vəziyyət daimi nəzarət altında olacaq", - o, bildirib.
Vurğulanıb ki, nəzarət həm idxal olunan məhsulların həcminin, həm də ixrac üçün nəzərdə tutulan həcmlərin məcburi və tam bəyan edilməsini nəzərdə tutur.
Daha əvvəl Moldova Fermerləri Assosiasiyası bəyan edib ki, Ukraynadan taxıl idxalının lisenziyalaşdırma rejiminin uzadılmasından imtina daxili bazarda ciddi problemlərə səbəb ola bilər.