Türkiyənin "Haber Global" telekanalı Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb.
"Report" xəbər verir ki, videomaterialda tədbirdə iki ölkədən yüksək səviyyəli rəsmilərin iştirak etdikləri qeyd olunub.
Bildirilib ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iki ölkə arasındakı investisiya əməkdaşlığını inkişaf etdirməyi və ortaq layihələri təşviq etməyi hədəfləyən forumda mühüm mesajlar verib. O, tarixi İpək Yolunu yenidən canlandırmağı hədəfləyən Orta Dəhlizin əhəmiyyətinə diqqət çəkib: "Rusiya-Ukrayna müharibəsi ilə birlikdə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən vacib tərkib hissələrindən biri olan Azərbaycanla əlaqələrimiz daha strateji əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət gücünü daha yüksək səviyyəyə çatdıracaq".
Türkiyənin ticarət naziri Ömer Bolat isə çıxışında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin 2016-cı ildən bəri 2,6 milyard ABŞ dollarından 8 milyard ABŞ dollarına yüksəldiyini qeyd edib.
Azərbaycanın Baş naziri Əli Əsədov forumda Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyənin isə Azərbaycana 18 milyard ABŞ dolları investisiya qoyduğunu bildirib.
Sujetdə qeyd olunub ki, II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Türkiyə şirkətləri arasında iki müqavilə imzalanıb.
"Haber Global" II Türkiyə–Azərbaycan İnvestisiya Forumu ilə bağlı videomaterial hazırlayıb
