IMG-LOGO

"Memarlıq və Şəhərsalma" ili - Azərbaycanın siyasi nüfuzu və iqtisadi potensialı artır

23 Dec 2025 15:05 2 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Bununla yanaşı gələn il Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına da (WUF13) ev sahibliyi edəcək.

Milli Məclisin deputatı Aydın Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkənin siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisidir:

“Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilir. Onlar məhz ölkəmizdə keçirilməsi isə siyasi nüfuzu, eləcə də iqtisadi potensialın göstəricisidir. Keçilən hər bir tədbir növbətilər üçün nümunəyə çevrilir, burada yeni yanaşmalar müəyyənləşir. Xüsusən COP29 təşkilatçılıq baxımından bütün keyfiyyətləri ilə fərqləndi. 28 görüşdə müzakirə olunan məsələlərlə bağlı heç bir nəticə olunmadığı halda Azərbaycanda keçirilən COP29-da maliyyə məsələləri həll olundu, yeni konkret istiqamətlər müəyyənləşdi. Tək COP29 deyil, digər beynəlxalq tədbirlər, eləcə də idman yarışları, Şuşada, Xankəndidə keçirilmiş toplantılar çox yüksək səviyyədə keçirilir.

Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi də təsadüfi deyil. İlk növbədə ölkəmizə gələn turistlər, qonaqlar Bakını Xəzərin incisi adlandırır. Çünki şəhərsalma prinsipləri, tarixi adibələrin qorunması, müasir modern şəhərsalmanın davam etdirilməsi, ekoloji təmizliyə riayət olunması, təhlükəsizliyin təminatı baxımından Azərbaycan bir nümunə ortaya qoyur.

Qarabağda bərpa və quruculuq işlərinin surətlə, keyfiyyətli formada irəliləməsi, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin qurulması Azərbaycan öz nümunəsini ortaya qoyur. Düşünürəm ki, Ümumdünya Şəhərsalma Forumu da yüksək səviyyədə keçirilməklə yanaşı, yeni standartlar, baxışlar və nəticələr ortaya qoyacaq”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova isə Lent.az-a açıqlamasında bildirib ki, bu qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıq Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında, milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin formalaşdırılmasında prioritet sahələrdən biridir:

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövürdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir.

Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsidir.

Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF) ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində bir sıra mühüm təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədə AzMİU-nun Memarlıq fakültəsinin buraxılış işlərindən ibarət tematik sərgilərin təşkili, şəhərsalma problemlərinə və memarlıq təhsilinin aktual çağırışlarına həsr olunmuş panel müzakirələri və dəyirmi masaların keçirilməsi planlaşdırılır. WUF Gənclər Forumunun iştirakçıları üçün universitet kampusunda beynəlxalq tərəfdaşlarımızın və xarici ekspertlərin iştirakı ilə master-klasslar, vorkşoplar və interaktiv müzakirələr təşkil ediləcək, WUF13-də iştirak edən nüfuzlu xarici mütəxəssislərin tələbələrimiz üçün ustad dərsləri və açıq mühazirələri keçiriləcəkdir. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə birgə ardıcıl iki ildir həyata keçirilən “ArchiVision Weekend Camp” layihəsinin növbəti buraxılışı da WUF13-ün ideyalarının təbliğinə, gənc memar və şəhərsalmaçıların peşəkar bacarıqlarının inkişafına həsr olunacaqdır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıq və şəhərsalma praktikası ilə yanaşı bu sahələr üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyətinin inkişafına da mühüm töhfə verəcək. Bu qərar memarlıq, şəhərsalma və inşaat mühəndisliyi ixtisasları üzrə müasir çağırışlara cavab verən kadr hazırlığının gücləndirilməsinə, təhsilin məzmunun yenilənməsinə, elmin, təhsilin və istehsalatın daha sıx inteqrasiyasına yeni imkanlar açır.

AzMİU ölkədə memarlıq, şəhərsalma və inşaat sahələri üzrə ixtisaslı kadr hazırlığının aparıcı mərkəzi kimi dövlətin müəyyən etdiyi prioritetlərə uyğun şəkildə tədris, elmi araşdırma və innovasiya fəaliyyətini təkmilləşdirməyə hazırdır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetimizdə beynəlxalq səviyyəli elmi görüşlərin, yaradıcılıq müsabiqələrinin və maarifləndirici tədbirlərin sayını daha da artırmağı planlaşdırırıq. Əminik ki, bu əlamətdar il Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin peşəkar inkişafına güclü təkan verəcək”.

Şəhərsalma və Memarlıq ili Ümumdünya Şəhərsalma Forumu

Xəbər lenti