Türkiyə Azərbaycanla və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ikitərəfli və tranzit daşımaların sərbəstləşdirilməsi, limanlarda və quru sərhədlərində gözləmə müddətinin azaldılması, elektron sənəd sisteminin yayılması üçün çalışır.
"Report" xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin köməkçisi Mustafa Tuzcu Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, xüsusilə gömrük orqanları arasındakı uyğunluq, sərhəddən sürətli keçid, sənəd və məlumat axınında rəqəmsallaşma bütün sistemin işlək olması üçün vacibdir: "Biz bu istiqamətdə həm TDT daxilində, həm də Azərbaycanla birlikdə çalışırıq, sadələşdirilmiş gömrük dəhlizi vasitəsilə gömrük əməliyyatlarını sürətləndirmək niyyətindəyik.
Həmçinin elektron faktura, sürətli çatdırılma sistemləri və elektron ödənişlərlə bağlı səylərimiz davam edir. Ticarət Nazirliyi olaraq bildirməliyəm ki, istehsal etdiyimiz məhsullar nəqliyyat və lojistik imkanlar təmin edilmədiyi təqdirdə bir dəyər ifadə etmir, bu dəyər ancaq infrastrukturun qurulması ilə mümkündür. Bu prosesdə həm Nəqliyyat Nazirliyimiz, həm gömrük təşkilatımız, həm də Ticarət Nazirliyimiz özəl sektor, o cümlədən logistika sektoru ilə çox yaxından işləyir. Həm ikitərəfli, həm də beynəlxalq səviyyədə daşımaçılarımız üçün prosesləri asanlaşdırmağa davam edəcəyik. Xüsusilə Azərbaycanla son dövrdə logistik sahədə əldə etdiyimiz əməkdaşlıq imkanlarını artırmaq üçün bütün fürsətləri dəyərləndirəcəyik".