IMG-LOGO

BRAVO 2025: Müştəri təcrübəsində yeni dövr – Bravo ONLINE və mobil tətbiq istifadəyə verildi

23 Dec 2025 14:03 3 baxış
IMG

Azərbaycanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan BRAVO, müştəri yönümlü innovativ yanaşmalarını genişləndirərək 2025-ci ili uğurla başa vurur. Şirkət il ərzində rəqəmsal texnologiyalar, fiziki mağaza şəbəkəsinin inkişafı, məhsul keyfiyyətinin yüksəldilməsi və sosial məsuliyyət layihələri istiqamətində mühüm addımlar atıb.

2025-ci ildə Bravo mobil tətbiqi ekosistemi çərçivəsində təqdim olunan BRAVO ONLINE alış-veriş platforması müştərilərə mağazaya gəlmədən geniş məhsul seçimi və sərfəli qiymətlərlə alış-veriş imkanı yaradıb. Loyallıq proqramı və onlayn alış-veriş funksiyalarını bir platformada birləşdirən mobil tətbiq müştərilərə daha rahat, sürətli və fərdiləşdirilmiş alış-veriş təcrübəsi təqdim edir.

Şəbəkənin genişlənməsi və mağazaların yenilənməsi

BRAVO 2025-ci ildə strateji inkişaf planına uyğun olaraq ölkə üzrə 12 yeni mağaza açaraq şəbəkəsini 145 mağazaya çatdırıb. Yeni açılan mağazalar arasında Sea Breeze Premium BRAVO mağazası, eləcə də Sumqayıt şəhərində və Bakının Səttar Bəhlulzadə, İsmayıl Hidayətzadə, Qədir Məmmədov, Afiyəddin Cəlilov kimi əsas küçələrində fəaliyyətə başlayan mağazalar yer alır. Bu addımlar BRAVO-nun müştərilərə daha yaxın olmasına və əlçatanlığın artırılmasına xidmət edir.

Bununla yanaşı, müştəri rahatlığını artırmaq məqsədilə 60-dan çox mövcud BRAVO mağazası yenilənərək (remodeling) müasir dizayn və funksional planlama ilə istifadəyə verilib. Yenilənmiş mağazalar rahat alış-veriş mühiti və müasir interyeri ilə seçilir.

"Tarladan BRAVO-ya": keyfiyyət və təravətə ciddi nəzarət

BRAVO məhsul keyfiyyətini əsas prioritetlərindən biri kimi qorumaqda davam edir. "Tarladan BRAVO-ya" konsepti çərçivəsində meyvə və tərəvəzlər birbaşa etibarlı fermerlərdən tədarük olunaraq BRAVO BAZARda yüksək keyfiyyət və maksimum təravət prinsipləri əsasında satışa çıxarılır. Məhsulların seçimi, daşınması və saxlanması mərhələlərində ciddi keyfiyyət nəzarəti tətbiq olunur ki, bu da həm istehlakçı məmnuniyyətinə, həm də yerli kənd təsərrüfatının inkişafına töhfə verir.

Ət və ət məhsulları sahəsində BRAVO tam halal kəsim standartlarına uyğun fəaliyyət göstərir. Məhsullar soyuq zəncir qorunmaqla birbaşa istehsal məntəqələrindən mağazalara çatdırılır. Süd və süd məhsulları isə sertifikatlı istehsalçılardan tədarük olunur və temperatur rejiminə ciddi nəzarət edilir.

BRAVO Brend məhsulları: 200-ə yaxın yeni çeşid

2025-ci ildə BRAVO yerli və keyfiyyətli məhsulların inkişafına xüsusi önəm verərək brend məhsul xəttini 200-ə yaxın yeni çeşidlə genişləndirdi. FEMILEA, OLUNA, SUNBAI, BRAVO FIRIN, MASADO kimi qida məhsulları, ULUSU, COOLSY, COOLSY COLA kimi sərinləşdirici içkiləri, eləcə də CLEVEREST, PAPI SOFT qeyri-qida məhsulları əlçatan qiymət və yüksək keyfiyyət prinsipləri ilə istehlakçıların rəğbətini qazanıb.

Böyük uduşlar və stimullaşdırıcı lotereyalar

İl ərzində keçirilən kampaniyalar və lotereyalar yüzlərlə ailənin sevincinə səbəb olub. 2025-ci ildə iki dəfə təşkil olunan SUPER 5 lotereyası çərçivəsində 1 mənzil, 2 avtomobil və yüzlərlə müxtəlif hədiyyə BRAVO müştərilərinə təqdim edilib.

Bundan əlavə, Ülker, Badamlı, Anchor, Karvan (Arko, Duru, Fax məhsulları) , Bizim Süfrə brendləri ilə birgə həyata keçirilən lotereyalar çərçivəsində avtomobil və müxtəlif dəyərli hədiyyələr qazanmaq imkanı müştərilər tərəfindən böyük maraqla qarşılanıb.

Sosial məsuliyyət və ictimai dəstək

BRAVO sosial məsuliyyət layihələrini də davamlı şəkildə həyata keçirir. "Vətən Əmanətlərinin keşiyindədir!" layihəsi çərçivəsində şəhid və qazi ailələrinin övladlarına bayram günlərində sovqatlar aparılır.

Bununla yanaşı, ASAN könüllülərlə birgə "Bir qəlbi də sən isit" və "Bilik karvanı" layihələri çərçivəsində aztəminatlı ailələrə və uşaqlarına müxtəlif hədiyyələr, ehtiyac məhsulları və təhsil yönümlü dəstək göstərilir. Bu təşəbbüslər cəmiyyətdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Ekoloji məsuliyyət və yaşıl təşəbbüslər

Ətraf mühitin qorunması BRAVO-nun prioritet istiqamətlərindən biri olaraq qalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunan "Plastikləri tingə dəyiş" layihəsi nəticəsində yüzlərlə ağac əkilib.

Hipermarketlərin qarşısında quraşdırılan xüsusi qutular vasitəsilə son 1 il ərzində 500 kiloqramdan çox plastik tullantı toplanaraq təbiətə zərər vermədən emala yönləndirilib. Eyni zamanda, utilizasiyası çətin olan istifadə olunmuş batareyaların toplanmasına dəstək göstərilir.

Nəticə

2025-ci il BRAVO üçün yalnız inkişaf ili deyil, eyni zamanda müştərilərə, cəmiyyətə və ətraf mühitə dəyər qatılan bir il kimi yadda qalıb. Şirkət innovasiya, müştəri məmnuniyyəti, sosial və ekoloji məsuliyyət prinsiplərinə əsaslanaraq gələcək illərdə də fəaliyyətini bu istiqamətdə davam etdirməyi hədəfləyir.

Xəbər lenti