İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyard ABŞ dollarını ötüb.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib.
Onun sözlərinə görə, bu məbləğin təxminən yarısı xarici investisiyaların payına düşür. Nazir müavini qeyd edib ki, son 6 il ərzində qeyri-neft ixracı iki dəfə artıb, bu isə Azərbaycanın beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.
"Xarici tərəfdaşların fəal iştirakı ilə "yaşıl enerji", kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma və turizm kimi sahələrdə birgə layihələr həyata keçirilir. Əldə olunan nəticələr ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, yeni ortaq layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir", - o qeyd edib.
S.Bəşirli bildirib ki, Azərbaycanın artan nəqliyyat-tranzit imkanları, təşəbbüskar və iştirakçı olduğu regional və qlobal layihələr, o cümlədən Orta Dəhlizin təqdim etdiyi logistik potensial Türkiyə ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Onun sözlərinə görə, Orta Dəhlizin rəqəmsal həllərlə gücləndirilməsi və ticarətin asanlaşdırılması üzrə atılan addımlar həm ölkələr, həm də region üzrə tranzit imkanlarını genişləndirir.
Nazir müavini vurğulayıb ki, yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Limanı, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və digər infrastruktur üstünlükləri Azərbaycanı mühüm beynəlxalq nəqliyyat qovşağına çevirib. Gələcəkdə Zəngəzur dəhlizinin də beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.
S.Bəşirli işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda geniş əməkdaşlıq və birgə investisiyalar üçün böyük potensialın olduğunu bildirib. Onun sözlərinə görə, bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında müasir yaşayış məskənləri formalaşdırılır, regionlar "yaşıl enerji zona"ları elan edilib.
"Artıq fəaliyyətə başlamış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası, yeni beynəlxalq hava limanları, sürətlə qurulan nəqliyyat infrastrukturu, eləcə də biznes üçün təqdim olunan güzəşt və təşviqlər bu əraziləri investorlar üçün cəlbedici edir", - o vurğulayıb.
Nazir müavini əlavə edib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın "yaşıl enerji" potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni generasiya güclərinin qurulması əsas prioritetlərdəndir: "Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrik stansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihə enerji və dayanıqlı inkişaf baxımından uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilib".