Rəqəmsal mühit nəzarətsiz və məsuliyyətsiz olduqda uşaqlar üçün ciddi risklər ortaya qoyur.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, uşaqların rəqəmsal mühitdə müdafiəsi qlobal gündəliyin əsas məsələsinə çevrilib və bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir:
"Azərbaycanda 2018-ci ildə qəbul olunmuş uşaqların zərərli informasiyalardan müdafiəsi haqqında qanunun icrası çərçivəsində dövlət qurumları arasında effektiv koordinasiya formalaşdırılıb. Oxşar qanunvericilik təşəbbüslərinin digər ölkələrdə də irəli sürülməsi hüquqi tənzimləmə baxımından ortaq məqamların, bu sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu göstərir".
Dövlət Komitəsinin sədri vurğulayıb ki, valideynlərin rəqəmsal təhlükəsizliyinin artırılması, ailədə təhlükəsiz mühitin qurulması bu sahədə uşaqların müdafiəsinə müsbət təsir etdiyini göstərir:
"Biz bunu bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görə bilərik. Araşdırmalara görə, uşaqların 72 faizi internetdən gündəlik istifadə edir. Onların zərərli informasiyalarla qarşılaşması riski yüksəkdir. Ona görə də uşaqların rəqəmsal mühitdə mudafiəsi üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Rəqəmsal transformasiya mühitində heç bir uşaq müdafiədən kənarda qalmamalıdır".