Ukrayna Avropa və ABŞ ilə birgə sülh üçün zəruri olan əsas sənəd blokunu hazırlayıb.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşdə bəyan edib.
"Hazırda danışıqlar qrupumuz Mayamidən qayıdır. Onlar gecə gələcəklər, səhər isə detallar açıqlanacaq. Mənim fikrimcə, ilkin layihələr üçün mümkün olan hər şey artıq edilib. Planın 20 bəndi var. Ola bilsin ki, hamısı ideal deyil, amma bu plan mövcuddur", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi, həmçinin ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca ikitərəfli sənəd hazırlanıb və bu sənədə əlavələr Konqresdə qapalı şəkildə müzakirə olunmalıdır.
Bundan əlavə, Ukraynanın bərpası, o cümlədən iqtisadi strategiya ilə bağlı müqavilənin ilk layihəsi hazırlanıb. Zelenski qeyd edib ki, hər iki tərəf üçün mübahisəli məsələlər var və onların üzərində işləmək lazımdır.