Həkimlər soyuqdəymə və qripin müalicəsində insanların tez-tez yol verdiyi ciddi səhvdən, antibiotiklərin əsassız qəbulundan çəkinməyə çağırırlar.
Antibiotiklərin soyuqdəymə zamanı niyə təsirsiz olduğu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Britaniyada UK Health Security Agency rəsmi xəbərdarlıq edərək vurğulayıb ki, antibiotiklər virus mənşəli infeksiyalara təsir göstərmir və əksinə, sağlamlıq üçün daha çox zərər verə bilər.
Mütəxəssislərin bildirdiyinə görə, antibiotiklər yalnız bakterial infeksiyalarla mübarizə aparmaq üçün nəzərdə tutulub. Bu preparatlar ya bakteriyaları məhv edir, ya da onların çoxalmasının qarşısını alaraq immun sisteminə xəstəliyi dəf etməyə kömək edir.
Lakin soyuqdəymə, qrip və COVID-19 virus mənşəli xəstəliklərdir. Bu səbəbdən antibiotiklərin bu infeksiyalara qarşı heç bir təsiri yoxdur.
“Antibiotiklər soyuqdəymə və qrip zamanı işə yaramır. Əczaçılar isə simptomların yüngülləşdirilməsi üçün uyğun məsləhətlər verə bilərlər”, – qurumun açıqlamasında qeyd olunub.
UK Health Security Agency vətəndaşları bir neçə vacib qaydaya əməl etməyə çağırıb: soyuqdəymə və qrip zamanı antibiotik qəbul etməmək, bu dərmanları “sonra istifadə etmək üçün” saxlamamaq və yalnız həkim təyinatı ilə istifadə etmək.
Bu xəbərdarlıq antibiotiklərə davamlı infeksiyaların artması ilə bağlı yeni statistik məlumatların fonunda edilib. ESPAUR hesabatına əsasən, hər həftə İngiltərədə təxminən 400 nəfərə antibiotiklərə davamlı infeksiya diaqnozu qoyulur.
Belə xəstəliklərin müalicəsi xeyli çətin olur və ciddi fəsadlara yol aça bilər. Mütəxəssislər bildirirlər ki, son illərdə antibiotiklərin həddindən artıq və düzgün olmayan istifadəsi onların təsir gücünü azaldıb. Bu isə eyni anda bir neçə dərmana qarşı davamlılıq qazanan “superbakteriyalar”ın yaranmasına şərait yaradıb.
sağlıq antibiotik