IMG-LOGO

"Magen David Azerbaijan": Azərbaycan qanunvericilik və AİHK çərçivəsində fəaliyyət göstərir

20 Dec 2025 12:21 3 baxış
IMG

"Magen David Azerbaijan" insan hüquqları təşkilatı Avropa Parlamentinin Azərbaycanla bağlı 18 dekabr 2025-ci il tarixli son qətnaməsinə rəsmi hüquqi cavabla çıxış edib.

Bu barədə "Report" "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstova istinadən məlumat verir.

"Milli və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərən, Avropa İttifaqı və Avropa Parlamenti institutlarına hörmət edən "Magen David Azerbaijan" Azərbaycan Respublikasının suverenliyi, qanunun aliliyi prinsipi, beynəlxalq monitorinqin icazə verilən hüdudları, həm Azərbaycan, həm də Avropa hüququnda tanınan insan hüquqları və milli təhlükəsizlik arasındakı balansdan çıxış edərək Avropa Parlamentinin P10_TA(2025)0339 saylı qətnaməsinə hüquqi cavab verməyi zəruri hesab edir", - Seliverstov bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi qətnaməni təhlil edən "Magen David Azerbaijan" belə nəticəyə gəlib ki, Azərbaycan milli qanunvericilik və Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) çərçivəsində hərəkət edir.

Təşkilat öz cavabında qeyd edib ki, Avropa Parlamentinin "təxminən 400 siyasi məhbus" iddiası nə beynəlxalq instansiyaların məhkəmə qərarları, nə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən tanınan rəsmi siyahılarla təsdiqlənib.

"Qapalı məhkəmə iclaslarının keçirilməsi milli təhlükəsizlik məsələləri ilə bağlı işlərdə həm milli, həm də Avropa hüququna uyğundur", - Seliverstovun təqdim etdiyi hüquqi cavabda deyilir.

"Siyasi orqanın (Avropa Parlamenti - red.) qətnaməsi məhkəmə ekspertizasını əvəz edə bilməz və məcburi hüquqi qüvvəyə malik deyil. Qanunvericiliyin uyğunsuzluğu barədə iddialar deklarativ xarakter daşıyır. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasının iştirakçısıdır, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarını icra edir, qanunvericiliyə müntəzəm olaraq dəyişikliklər edir. Azərbaycan, həmçinin Avropa Parlamentinin qətnamələrini nəzərə alır, lakin hüquqi qiymətləndirmə və cavabvermə hüququnu özündə saxlayır", - insan hüquqları təşkilatı qeyd edir.

"İnsan hüquqları siyasi təzyiq aləti kimi istifadə edilməməlidir. Azərbaycan Respublikası həm öz qanunvericiliyi, həm də İnsan Hüquqları üzrə Avropa Konvensiyası çərçivəsində hərəkət edir", - "Magen David Azerbaijan"ın cavabında deyilir.

Təşkilat vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyası milli təhlükəsizlik normalarından istifadəni mümkün hesab edir və bu, Fransa, Almaniya və İspaniya da daxil olmaqla bütün Aİ dövlətlərində tətbiq edilir, bu halda Azərbaycan da oxşar standartlardan istifadə edir.

Xəbər lenti