Ankarada Azərbaycanın Zəfərindən bəhs edən "Xarüqələr yaradan qətiyyətli lider" və "Qalib sərkərdənin zərif gücü" kitabları təqdim olunub.
"Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Ankara Universtetində keçirilən təqdirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli, TADİV İdarə Heyətinin sədri Aygün Attar, professor Rəna Mirzəzadə, təqdim olunan kitabların müəllifləri Zərifə Quliyeva və Aygül Məmmədova, Ankara Universitetinin müəllim-tələbə heyəti, ziyalılar, media nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Qarabağ zəfəri, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevdən bəhs edən filmin nümayişi olub.
TADİV sədri Aygün Attar təqdim olunan kitablar haqqında məlumat verərək deyib ki, bu nəşrlər Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə və ona dəstək olan Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edilib.
Şamil Ayrım çıxışında qeyd edib ki, hər iki kitabda Azərbaycanın inkişafı, işğaldan azad olunan Qarabağda həyatın yenidən canlanmasından ətraflı bəhs olunub.
F.Məcidov hər iki əsərdə müəlliflərin Azərbaycan-Türkiyə əlaqələrini də diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
Müəlliflər Zərifə Quliyeva və Aygül Bağırova çıxışlarında Azərbaycanın qələbəsində Xalq-Ordu-Ali Baş Komandan birliyinin həlledici rol oynadığını diqqətə çatdırıblar.
Sonda qonaqlar Azərbaycanla bağlı fotosərginin açılışında iştirak ediblər.



