Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüs ilə dekabrın 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin qərarı qəbul edilib.
Ədliyyə Nazirliyində artıq bu gündən qərarın icrası istiqamətində işlər başlayıb. Amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.
Lent.az-ın xəbərinə görə, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Ədliyyə Nazirliyi tərəfindən qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.
Həmçinin nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, - nazirlikdən bildirilib.
amnistiya aktı amnistiyaya düşəcək məhkumlar