Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşən dəmiryol stansiyalarının vəziyyətini yoxlamağı tapşırıb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Müzakirə bu gün hökumətin iclasında İcevana yaxın Qetaovit kəndində stadion tikintisi üçün özəl torpaqların alınmasına təxminən 330 milyon dram (860 min dollar) ayrılması qərarı ilə əlaqədar başlayıb. Bu stadion 2029-cu ildə keçiriləcək gənclər arasında dünya futbol çempionatının (Ermənistan və Gürcüstanın birgə ərizəsi çərçivəsində) meydançalarından biri olmalıdır. Bunun üçün Ermənistanda UEFA-nın müvafiq standartlarına uyğun 4 stadion lazımdır.
N.Paşinyan diqqətə çatdırıb ki, İcevandakı futbol məktəbinin stadionu vaxtilə şəhərin dəmir yolu stansiyasının yaxınlığında tikilib. Azərbaycanla sərhədlərin açılması və bu istiqamətdə yük dövriyyəsi perspektivləri nəzərə alınmaqla, stansiyada yeni yük terminalı üçün yer olmaya bilər.
Buna görə də digər sərhəd dəmir yolu stansiyalarının - Yerasxda (Naxçıvanla sərhəddə) və Axuryanda (Türkiyə ilə sərhəddə) - ətrafında sərbəst məkan normalarının gözlənilməsi yoxlanılmalıdır.