IMG-LOGO

Qətərin Milli Günü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

18 Dec 2025 14:52 5 baxış
IMG

Bakıda Qətərin Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycan və Qətərin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qətərin Azərbaycandakı müvəqqəti işlər vəkili Hamad Xalaf Al-Hemaidi bildirib ki, "Qətər 2030" inkişaf konsepsiyasına uyğun olaraq dövlətlərinin inkişafı üçün çalışırlar:

"Bu konsepsiyanın məqsədi rifah, çiçəklənmə və davamlı inkişafdır. Bu konsepsiya bütün dost dövlətlərlə, o cümlədən qədim tarix və zəngin mədəniyyətə malik olan Azərbaycan ilə əlaqələrin inkişafını əhatə edir".

Diplomati Qətər və Azərbaycan arasında bütün sahələrdə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində çalışdıqlarını vurğulayıb:

"İki ölkənin məsul şəxslərinin və iş adamlarının qarşılıqlı səfərləri, o cümlədən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Dohaya sonuncu səfəri, əməkdaşlığı təşviq etmək və istədiyimiz nəticələrə nail olmaq üçün müştərək komissiyanın dördüncü toplantısının keçirilməsi əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan verib".

Tədbirin fəxri qonağı Kəmaləddin Heydərov isə Azərbaycan Prezidenti adından Qətər dövlətini və xalqını təbrik edib:

"Otuz ildən artıq bir müddətdə Azərbaycan ilə Qətər arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, konstruktiv dialoq, sülh, sabitlik və dayanıqlı inkişafın təşviqinə dair ümumi öhdəlik əsasında qurulub. Müntəzəm yüksək səviyyəli mübadilələr və institusionallaşdırılmış siyasi məsləhətləşmələr tərəfdaşlığımızın gücləndirilməsində və ölkələrimiz arasında əməkdaşlığın davamlı, çoxşaxəli inkişafının dəstəklənməsində həlledici rol oynayıb. Son illərdə Qətər ardıcıl və transformativ inkişaf yolu izləyərək regionun ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib".

Nazir bildirib ki, "Qətər 2030" inkişaf konsepsiyasının həyata keçirilməsi iqtisadi şaxələndirmə, infrastrukturun modernləşdirilməsi, təhsil, turizm və innovasiya sahələrində yeni imkanlar üçün zəmin yaradıb:

"Bu gün Qətər qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, humanitar əməkdaşlığın təşviqində və dövlətlərarası dialoqun inkişafında beynəlxalq proseslərin fəal iştirakçısı kimi mühüm rol oynayır".

Xəbər lenti