Belarus Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu qəbul edir.
"Report"un məlumatına görə, bu barədə Belarus səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, Minsk, həmçinin avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutan görüşündən məmnunluğunu ifadə edir. Səfir bildirib ki, Belarus Cənubi Qafqazda sülh prosesinə öz töhfəsini verməyə hazırdır.
Diplomat vurğulayıb ki, Belarus Qarabağın bərpası üzrə müxtəlif layihələrin, o cümlədən "Böyük Qayıdış"a dair Dövlət Proqramının həyata keçirilməsinə töhfə verməyə hazırdır.
D.Pineviç qeyd edib ki, Bakıda Belarus səfiri vəzifəsində işlədiyi müddətdə Azərbaycanın azad edilmiş ərazilərində artıq 7 dəfə olub: "Mən təkcə Qarabağda olmaqla kifayətlənməmişəm. Bu müddət ərzində regionun necə həyata qayıtdığını və "Böyük Qayıdış"ın necə həyata keçirildiyini görə bildim".