1995-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi əsasında 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb, 77 mindən çox insan amnistiyaya düşüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilib və tətbiqi dairəsi genişləndirilib.
Bunu "Report"a Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
O qeyd edib ki, birinci vitse-prezident Mehriban Əliyeva da Milli Məclisin deputatı olarkən dörd dəfə amnistiya təşəbbüsü ilə çıxış edib:
"Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən 2021-ci ildə qəbul edilmiş "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar isə 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiya hesab olunurdu. Lakin məlumdur ki, cənab Prezident "Konstitusiya və Suverenlik İli"ndə növbəti amnistiya aktı təşəbbüsü ilə çıxış edib. Bu aktın əhatə dairəsinə görə ən böyük amnistiya olacağı gözlənilir".
Deputat qeyd edib ki, Amnistiya aktı layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur:
"Eləcə də, bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olanların, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digərlərinin də bu kateqoriyaya aid edilməsi nəzərdə tutulur.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bu, müstəqillik tariximizdə ən böyük amnistiya aktı olacaq. Amnistiya aktı minlərlə ailəyə sevinc bəxş edəcək. Belə bir təşəbbüsün irəli sürülməsi dövlətimizin, şəxsən Prezident İlham Əliyevin humanistliyinin, vətəndaşa verdiyi ali dəyərin göstəricisidir. Ona görə də dövlət başçısının bu təşəbbüsü xalqımız tərəfindən çox yüksək dəyərləndirilir".

