Ukrayna və ABŞ nümayəndələri onlayn formatda təhlükəsizlik zəmanətlərinə dair sənədi müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
O qeyd edib ki, danışıqlarda ABŞ-ni Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner, həmçinin generallar təmsil ediblər. Dialoqa NATO-nun Baş katibi Mark Rütte də qatılıb.
"ABŞ tərəfinin müxtəlif səviyyələrdə – təkcə müharibənin başa çatdırılması üçün deyil, həm də Ukraynanın təhlükəsizliyinin təmin olunması və Rusiyanın yeni işğalının qarşısının alınması üçün aktiv fəaliyyətini çox yüksək qiymətləndiririk. Bu onun niyyətinin ciddiliyini və nəticəyə yönəldiyini göstərir", – Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, təhlükəsizlik zəmanətləri bütün gələcək addımlar üçün ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, Ukrayna artıq Budapeşt Memorandumu ilə mənfi təcrübə yaşayıb:
"Buna görə də təhlükəsizlik zəmanətləri sənədində ukraynalıları ən çox narahat edən məsələlərə konkret cavablar olmalıdır: əgər Rusiya yenidən öz təcavüzü ilə gəlməyə qərar verərsə, tərəfdaşların addımları necə olacaq".
Danışıqlar zamanı tərəflər yaxın vaxtlarda Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin konkret şəkildə anlaşılması üçün fəal işləmək barədə razılığa gəliblər.







