IMG-LOGO

Bakıda Konstitusiya fonunda mədəni dəyərlər və onun qorunması müzakirə olunub

10.12.2025 20:24 3 baxış
IMG

Bakıda "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu"nda "Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz" adlı panel müzakirə keçirilib.

"Report"un məlumatına görə, müzakirə zamanı çıxışçılar Konstitusiya fonunda mədəni dəyərlər və onun qorunması, eyni zamanda rəqəmsallaşmanın təsiri tezisləri ətrafında fikir mübadiləsi aparıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışı zamanı Konstitusiyanı xarakterizə edən ən mühüm amilin onun reallığa əsaslanması olduğunu bildirib:

"Cəmiyyətin hüquq mədəniyyəti nə qədər yüksəkdirsə, bu reallıq özünü o qədər daha böyük göstərəcək. Konstitusiyada cəmiyyətin bütün təbəqələrinə dair başlanğıc münasibətlər özünü göstərir".

Akademiya rəisi deyib ki, Azərbaycan Konstitusiyasının elə bir müddəası yoxdur ki, o, mədəniyyətə əsaslanmasın.

Mədəniyyət Nazirliyinin Hüquq şöbəsinin müdiri Gülər Mikayılova isə çıxışında mədəniyyət sahəsində narrativ tənzinlənmə prinsiplərinin əhəmiyyətini vurğulayıb.

G.Mikayılova mədəni irsin qorunması istiqamətində maarifləndirmə işinə də toxunub:

"Mədəni irsin qorunması təkcə nazirliyin və aidiyyəti dövlət qurumunun deyil, hər bir vətəndaşın öhdəliyidir".

Hüquq Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov da, öz növbəsində, konstitusion baxış fonunda mədəni irsin qorunması məsələlərinə diqqət çəkib:

"Mövcud qanunlarda tarixi və mədəni qədim yolların qorunması nəzərdə tutulmayıb. Lakin müasir yanaşma bunun yanlış olduğunu göstərir. Belə ki, müasir yanaşmaya əsasən, nəinki həmin yollar, hətta onun ətrafı belə tarix kimi qorunmalıdır".

Panel müzakirə spikerlərin qarşılıqlı müzakirəsi və sual-cavab sessiyasi ilə davam etdirilib.

Xəbər lenti