IMG-LOGO

Ürək sağlamlığı bütün bədənə təsir edir

22.07.2025 04:48 10 baxış
IMG

Emory Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma göstərir ki, ürək-damar sağlamlığını qorumaq təkcə ürəyi deyil, bütün bədəni və psixoloji rifahı da müsbət təsir edir.

Lent.az “News Medical” saytına istinadla xəbər verir ki, tədqiqat “Amerika Ürək Assosiasiyasının Jurnalı”nda dərc olunub və 500-ə yaxın əvvəlki araşdırmanın nəticələri birləşdirilərək təqdim edilib.

Elm adamları müəyyənləşdiriblər ki, sağlam həyat tərzi sadəcə infarkt və ya yüksək təzyiq riskini azaltmaqla kifayətlənmir. Bu vərdişlər eyni zamanda, beyin funksiyasını gücləndirir, görmə və eşitmə qabiliyyətini qoruyur, əzələləri gücləndirir və hətta xərçəng və demensiya kimi xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

Tədqiqatın müəlliflərindən biri, Emory Universitetindən dr. Liliana Aguayo bildirib: “Biz əvvəllər ürək və beyin sağlamlığı arasında əlaqəni bilirdik. Lakin bu araşdırmanın göstərdiyinə görə, demək olar ki, hər bir orqan və bədən sistemi sağlam həyat tərzindən fayda görür”.

Tədqiqatda Amerika Ürək Assosiasiyasının “Life’s Simple 7™” (Siqaret çəkməmək, sağlam qidalanma, fiziki aktivlik, sağlam çəki, qan təzyiqi, xolesterin və qan şəkərinin idarəsi) prinsipləri əsas götürülüb. Sonradan bu göstəricilərə yuxu da əlavə olunaraq “Life’s Essential 8™” adlandırılıb.

Araşdırmada bu nəticələr əldə olunub:

* Sağlam vərdişlərə sahib olan insanlarda yaşlandıqca beyin və ağciyər funksiyaları, görmə və eşitmə qabiliyyəti, diş və əzələ sağlamlığı daha yaxşı qorunur.

* Kortizol (stres hormonu) və stres səviyyələri aşağı olur, xərçəng, diabet, demensiya, depressiya, böyrək xəstəlikləri kimi xroniki xəstəliklərə tutulma riski azalır.

* Yuxu, hamiləlik, maddələr mübadiləsi, cinsi sağlamlıq və hərəkət bacarığı ilə bağlı problemlər daha az olur.

* Sağlam həyat tərzini seçənlərdə ölüm riski və tibbi xərclər də daha aşağı olur.

Araşdırma ABŞ Milli Sağlamlıq İnstitutu və Amerika Ürək Assosiasiyası tərəfindən dəstəklənib. Mütəxəssislər, xüsusilə uşaqlar və hamilə qadınlar kimi əhali qruplarında əlavə tədqiqatlara ehtiyac olduğunu bildirirlər. Ən vacib mesajlardan biri isə budur: Hətta kiçik həyat tərzi dəyişikliyi belə sağlamlıq üçün böyük faydalar verə bilər. Sadə dillə desək, ürəyinizə yaxşı baxmaq bütün bədəninizə və həyat keyfiyyətinizə yaxşı baxmaq deməkdir.

Xəbər lenti