IMG-LOGO

Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri

16 Nov 2026 17:32 5 baxış
IMG

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Heydərli kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları azərbaycanlı kəndi çar Rusiyası və sovet dövrlərində müxtəlif cür adlandırılıb: çar dövründə Xaydarli, Qaydarli, Qeydarlı, Qendarlı, sovet dövründə isə Aydarli, Xaydarli.

Kənd ən azı əsr yarım ərzində Heydərli adlanıb. 2021-ci ilin sentyabrında Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Tsağkots qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandrın "Gürcü xalqına" manifesti ilə Kartli-Kaxetiya çarlığının ilhaqı təsdiqlənib, gürcü monarxiyası ləğv edilib və Şərqi Gürcüstan Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar: Z. Korkotyanın "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)" əsərinə əsasən, 1831-ci ildə 26 nəfər; "Qafqaz haqqında məlumat toplusu"na görə, 1873-cü ildə 158 nəfər; Zaqafqaziya diyarının əhalisi haqqında 1886-cı il statistik məlumatlar toplusuna görə, 175 nəfər; Z. Korkotyana görə, 1897-ci ildə 265 nəfər; 1909-cu ilə olan "Qafqaz təqvimi"nə əsasən, 1905-ci ildə 257 nəfər; "İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası"na görə isə 1908-ci ildə 357 nəfər azərbaycanlıların əcdadları yaşayıb. XX əsrin əvvəllərində Heydərli kəndi əhalisinin nəzərəçarpacaq artımı 1899-cu ildə kəndin yaxınlığından keçən Tiflis-Aleksandropol dəmir yolu xəttinin açılmasından sonra bölgənin iqtisadi inkişafı ilə bağlı olub.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib və müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə ərazi iddiaları irəli sürməyə başlayıb. 1918-1920-ci illərdə Ermənistanda hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası türk əhaliyə qarşı etnik təmizləmə keçirib. Lakin Heydərli əlçatan yazılı mənbələrdə erməni silahlı birləşmələri tərəfindən türk əhalisinin kütləvi qırğını haqda məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə kommunist rejimi qəti olaraq bərqərar olub. Sovet dövründə kənd əvvəlcə Qarakilsə rayonunun tərkibində olub, rayon sonradan Kirovakan adlandırılıb; daha sonralar isə kənd Spitak və bərpa edilmiş Quqark rayonlarının tərkiblərində olub. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar: Z. Korkotyanın məlumatına əsasən, 1922-ci ildə 294, 1926-cı ildə 325, 1931-ci ildə isə 398 nəfər azərbaycanlı qeydə alınıb. 1948–1953-cü illərdə sovet hakimiyyətinin həyata keçirdiyi deportasiya nəticəsində 1949-cu ildə kənd sakinlərinin bir hissəsi zorla Azərbaycanın Saatlı rayonuna köçürülüb. Buna baxmayaraq, sonrakı illərdə də kənddə azərbaycanlı əhali yaşamaqda davam edib: T.X. Akopyan, St.T. Məlik-Baxşyan və O.X. Barseqyanın "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti"nə və digər mənbələrə əsasən, 1959-cu ildə 448, 1970-ci ildə isə 994 nəfər azərbaycanlı yaşayıb.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar. 1989-cu il məlumatlarına əsasən, kənddə heç kim yaşamayıb.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün aparılan geniş sahə işləri zamanı kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri

Mənbə: report.az

Xəbər lenti