IMG-LOGO

AK Ukraynaya dronların, döyüş sursatlarının və HHM sistemlərinin alınması üçün daha 1,71 milyard avro ayırıb

16 Nov 2026 15:36 11 baxış
IMG

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək üçün ayırdığı 90 milyard avro həcmindəki kredit çərçivəsində növbəti 1,71 milyard avro məbləğindəki tranşı Ukraynaya köçürüb.

"Report"un Avropa bürosunun AK-ya istinadən verdiyi məlumata görə, vəsaitlər pilotsuz uçuş aparatlarının, döyüş sursatlarının və hava hücumundan müdafiə (HHM) sistemlərinin, o cümlədən erkən xəbərdarlıq radarları və raketlərin alınması üçün nəzərdə tutulub.

Bu, həmin kredit mexanizminin müdafiə komponenti üzrə Ukraynaya ayrılan artıq 8-ci tranşdır.

"Maliyyələşdirmə Kiyevə Ukrayna və Avropa istehsalçılarından hərbi texnika və silah almağa imkan verəcək", - AK-nin məlumatında bildirilib.

Köçürülən məbləğin təxminən 40 %-i Aİ ölkələrində yerləşən istehsalçılarla müqavilələrə yönəldiləcək.

AK-nin sədri Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynaya dəstəyini, eləcə də ölkənin suverenliyi və ərazi bütövlüyünü, həmçinin Avropanın təhlükəsizliyini təmin edəcək ədalətli və möhkəm sülhün əldə olunması istiqamətində işləri davam etdirəcək.

Avropa Komissiyasının məlumatına görə, 2026-cı ilin sonunadək Ukrayna üçün Aİ-nin 23,6 milyard avro maliyyə dəstəyi hələ də əlçatandır. Bu məbləğin təxminən 19,2 milyard avro hissəsi Ukraynaya dəstək krediti çərçivəsində nəzərdə tutulub, buraya ölkənin müdafiə-sənaye potensialının gücləndirilməsi üçün 10,2 milyard avro və büdcə yardımı üçün 9 milyard avro daxildir. "Ukraine Facility" proqramı çərçivəsində daha demək olar ki, 4,4 milyard avro büdcə dəstəyi əlçatan olaraq qalır.

Ümumilikdə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Aİ və onun üzv dövlətləri Kiyevə, dondurulmuş Rusiya aktivlərindən əldə olunan 3,8 milyard avro gəlir də daxil olmaqla, 237,6 milyard avro yardım təqdim ediblər.

Mənbə: report.az

Xəbər lenti