Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşı Sənan Bəhrəmliyə qarşı hücum edilməsi sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Lent.az bu məsələ ilə bağlı hüquqşünas Şamil Paşayevin fikirlərini öyrənib.
- “APA Group”un özəl müəssisədə baş verən yanğını işıqlandırmağa gələn əmıkdaşını və digər həmkarlarımızın fəaliyyətinə mane olunması nə dərəcədə qanunidir? Özəl müəssisədə yanğın baş veribsə, jurnalist hadisə yerinə gəlib çəkiliş, məlumat və açıqlama tələb edə bilərmi?
- Əlbəttə. İlk növbədə anlamalıyıq ki, yanğın ictimai əhəmiyyət daşıya bilən hadisədir. Hadisənin özəl müəssisədə baş verməsi onun yalnız müəssisə sahibinə aid olması demək deyil. Mülkiyyətçi öz müəssisəsinin təhlükəsizliyini qoruya bilər. Lakin özəl mülkiyyət hüququndan istifadə edərək jurnalistin qanuni informasiya toplamasına əsassız maneə yaratmaq olmaz. Zavod, fabrik, sex ve ya bazar özəl ola bilər, həyət özəl mülkiyyət ola bilər. Amma orada baş verən yanğın insanların təhlükəsizliyinə və ictimai maraqlara toxunursa, bu barədə sual vermək, çəkiliş etmək, məlumat və açıqlama almaq jurnalistin qanuni hüququdur. Məsələn, zavodda, kombinatda, bazarda yanğın baş verirsə, insanlar bilməlidirlər ki, yanğının səbəbi nədir, xəsarət alan varmı, ətrafdakı yaşayış binalarına və digər obyektlərə təhlükə mövcuddurmu, müəssisədə təhlükəsizlik qaydalarına əməl olunubmu?
Bunlar cəmiyyətin bilməyə haqqı olan məsələlərdir.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi hər kəsin məlumatı qanuni yolla axtarmaq, əldə etmək və yaymaq azadlığını təmin edir.
“Media haqqında” Qanunun 17-ci maddəsi isə jurnalistə müəssisə və təşkilatların fəaliyyəti barədə məlumat almaq, sual vermək və açıqlama istəmək hüququ tanıyır.
Diqqət yetirin, qanun yalnız dövlət qurumlarından deyil, müəssisə və təşkilatlardan da məlumat alınmasını nəzərdə tutur.
Yəni zavodun, sexin, bazarın özəl olması jurnalistin həmin müəssisəyə sual verməsini qadağan etmir, ərazidən məlumat toplamasını məhdudlaşdırmır.
Jurnalist müəssisə rəhbərindən hadisənin səbəbini, xəsarət alanların olub-olmadığını, yanğının nəticələrini və görülən tədbirləri soruşa bilər.
Jurnalist bu sualları özü üçün vermir. O, cəmiyyətin məlumat almaq hüququnun həyata keçirilməsinə xidmət edir.
- Müəssisə sahibi “bura özəl mülkiyyətdir” deyərək jurnalistə məlumat verməkdən imtina edə və çəkilişi qadağan edə bilərmi?
- Xeyr. Xüsusi mülkiyyət hüququ hər şeyə qadağa qoymaq hüququ deyil. Xüsusi mülkiyyət anlayışı da hadisənin ictimai əhəmiyyətini aradan qaldırmır və jurnalistin qanuni fəaliyyətinə müdaxiləyə bəraət qazandırmır.
Konstitusiyanın 29-cu maddəsi mülkiyyət hüququnu qoruyur. Amma həmin maddədə xüsusi mülkiyyətin sosial öhdəliklər yaratdığı da göstərilir.
Müəssisə sahibi öz əmlakını idarə etmək, onun təhlükəsizliyini təmin etmək və qanuni giriş qaydalarını müəyyənləşdirmək hüququna malikdir.
Lakin bu, ona ictimai əhəmiyyətli hadisə barədə bütün məlumatları gizlətmək və jurnalistin qanuni fəaliyyətinin qarşısını almaq səlahiyyəti vermir.
Məsələn, jurnalist müəssisənin qarşısından, hadisə yerindən çəkiliş aparırsa və rəhbərliyə yaxınlaşaraq yanğınla bağlı açıqlama almaq istəyirsə, ona sadəcə “bura özəl mülkiyyətdir, sual verməyin, çəkiliş aparmayın” demək hüquqi baxımdan əsaslı yanaşma deyil.
Qanunla qorunan kommersiya sirri və digər məxfi məlumatlar istisna olmaqla, müəssisənin fəaliyyəti barədə məlumat almaq hüququ qanunla müdafiə olunur.
“Media haqqında” Qanunun 17-ci maddəsinə əsasən, operativliyini itirə biləcək informasiya barədə sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Yanğın hadisəsi zamanı informasiyanın operativliyi xüsusilə vacibdir.
Təsəvvür edin, kombinatda yanğın baş verir və ətrafda yaşayan yüzlərlə insanın narahatlığı yaranır. Jurnalist həmin insanların adından sual verir ki təhlükə varmı, insanlar təxliyə edilməlidirmi, hadisə nəzarət altındadırmı? Hadisınin miqyası nədir?
Bu sualların cavablandırılması ictimai maraq doğurur.
Müəssisənin sahibi əmlakın sahibidir, amma həmin əmlakda baş verən ictimai əhəmiyyətli hadisə barədə informasiyanın mütləq sahibi deyil.
- Bəs müəssisənin mühafizəçisi jurnalisti həyətə buraxmaya bilərmi? Yanğın zamanı girişə kim qərar verməlidir?
- Burada iki məsələni fərqləndirmək lazımdır. Adi günlərdə müəssisəyə daxil olmaqla, hadisə baş verən əraziyə daxil olmaq fərqli məsələlərdir.
İkinci məsələ yanğın zamanı təhlükəli ərazinin müəyyənləşdirilməsidir.
“Yanğın təhlükəsizliyi haqqında” Qanunun 18-ci maddəsiə görə yanğınsöndürmə rəhbəri əməliyyat aparılan ərazinin sərhədlərini müəyyənləşdirmək və zəruri təhlükəsizlik məhdudiyyətləri tətbiq etmək səlahiyyətinə malikdir. Polis də qanunda nəzərdə tutulan hallarda insanların təhlükəsizliyi üçün girişə məhdudiyyət qoya bilər.
Müəssisənin mühafizəçisi isə yanğınsöndürmə əməliyyatının rəhbəri deyil. O, özbaşına hansı ərazinin fövqəladə təhlükə zonası olduğunu müəyyənləşdirən dövlət səlahiyyətini həyata keçirə bilməz.
Mən hesab edirəm ki, jurnalistlər hadisə yerinə gəldikdə müəssisə rəhbərliyi onların qanuni informasiya toplamaq fəaliyyətinə mümkün qədər şərait yaratmalıdır.
Jurnalistin mütləq yanğının içinə və ya təhlükəli istehsalat sahəsinə daxil olması vacib deyil. Amma ona təhlükəsiz yerdən çəkiliş aparmaq, müəssisə rəhbərliyinə sual ünvanlamaq və açıqlama almaq üçün şərait yaradılması düzgün yanaşmadır.
Mühafizəçi isə özəl mülkiyyət anlayışını bəhanə edərək jurnalisti hədələyə, qanuni çəkilişə özbaşına mane ola və ya toplanmış görüntüləri silməyi tələb edə bilməz.
Jurnalistin təhlükəsizliyini qorumaq başqa şeydir, onun cəmiyyəti məlumatlandırmasının qarşısını almaq başqa. Jurnlaistin təhlükəsizliyini qorumaq isə hansısa özəl mülkiyyətin mühafizəçisinin vəzifə və öhdəliyinə daxil deyil.
Bir daha qeyd edirəm ki, Azərbaycan qanunvericiliyi jurnalistlərin peşə fəaliyyətini xüsusi olaraq qoruyur.
“Media haqqında” Qanunun 6.2-ci maddəsində jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməz olduğu göstərilir.
İnzibati Xətalar Məcəlləsinin 381.2-ci maddəsinə əsasən, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə 300 manatdan 600 manatadək cərimə ilə nəticələnə bilər.
381.3-cü maddə isə jurnalistin informasiya almaq hüququnun qanunsuz məhdudlaşdırılmasına, məlumat verilməsindən əsassız imtinaya və ya sorğuya vaxtında cavab verilməməsinə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutur.
Cinayət Məcəlləsinin 163-cü maddəsi də jurnalistin qanuni peşə fəaliyyətini qoruyur. Zor tətbiq etməklə və ya zor tətbiqi hədəsi ilə jurnalisti məlumat yaymağa, yaxud yaymaqdan imtinaya məcbur etmək cinayət məsuliyyəti yaradir.
Şamil Paşayev hüquqşünas APA TV Sənan Bəhrəmli
Mənbə: lent.az