Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin və əməkdaşlığının inkişafına Türk dünyası üçün mühüm nəticələr verəcək.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Özbəkistanın hakim Liberal Demokrat Partiyası Qadınlar Təşkilatının baş mütəxəssisi Nilufər Atayeva bildirib.
O qeyd edib ki, Azərbaycan və Özbəkistan xalqları ortaq köklərə, yaxın dillərə və oxşar mədəni dəyərlərə malikdir. Onun sözlərinə görə, özbək xalqının milli xüsusiyyətlərinin Azərbaycan xalqı ilə çoxsaylı oxşarlıqları da diqqəti cəlb edir.
N. Atayeva vurğulayıb ki, iki ölkə arasında münasibətlər yalnız siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıqla məhdudlaşmır, həm də qardaşlıq, qarşılıqlı yaxınlıq və ortaq mədəni dəyərlərə əsaslanır.
TDT-nin yeni baş katibi, Özbəkistandan olan diplomat Mirvoxid Azimovun "Türk Dövlətləri Təşkilatı coğrafi mövqeyinə görə Avropa ilə Asiyanı birləşdirən bölgə olaraq qlobal iqtisadi inkişafın mühüm mərkəzlərindən birinə çevriləcək" fikirlərinə toxunan N. Atayeva bu qurum çəçivəsində də Azərbaycanla Özbəkistan əməkdaşlığının vüsət alacağına və qlobal inkişafa töhfə verəcəyinə inandığını deyib:
"Bu baxımdan da hesab edirəm ki, Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyası üçün yeni imkanlar yaradacaq. Prezident Şavkat Mirziyoyev TDT-nin Ankarada keçirilən 13-cü Zirvə görüşündəki çıxışında da bunu vurğuladı ki, Azərbaycan bu təşkilata sədrliyi dövründə xalqlarımız arasında qardaşlıq əlaqələrini gücləndirmək və əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün ciddi səylər göstərib. Biz inanırıq ki, türk dünyası təbii sərvətləri, insan kapitalı və iqtisadi potensialına görə bölgənin qlobal iqtisadi inkişafında mühüm rol oynayacaq".
Mənbə: report.az