"Kəpəz" klubu "Turan Tovuz"un rekordunu yeniləyib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Kəpəz" – "Baku Sportinq" qarşılaşmasını (3:1) 5000 tamaşaçı izləyib.
Bu, turnirin indiki formatda keçirildiyi 4 mövsüm üçün təsnifat mərhələlərinin yeni rekordudur. Bunadək ilk 2 təsnifat mərhələsində ən çox tamaşaçı sayı 1500 olmuşdu. 2023/2024 mövsümündə II təsnifat mərhələsinin "Turan Tovuz" – "Göygöl" (5:1) matçında qeydə alınan, 2024/2025 mövsümündə I təsnifat mərhələsinin "Şəki" – "Şəmkir" (0:1) qarşılaşmalarındakı təkrarlanan rekord Gəncədə 3,33 dəfə yüksək göstərici ilə yenilənib.
Ümumilikdə mərhələnin 12 oyununda 6830 seyrçi olub. Bu, II təsnifat mərhələləri üçün rekorddur. 2023/2024 mövsümündə 11 matçda 3955, 2024/2025 mövsümündə 11 qarşılaşmada 2780, 2025/2026 mövsümündə 12 oyunda 2000 tamaşaçı qeydə alınmışdı.
I təsnifat mərhələsinin 6 oyununda 780 izləyici olduğunu nəzərə alsaq, ilk iki raundu 7610 tamaşaçı seyr edib. Bu da son 4 mövsümdə ən yüksək göstəricidir. 2023/2024 mövsümündə 5615, 2024/2025 mövsümündə 4560, 2025/2026 mövsümündə 2290 tamaşaçı qeydə alınmışdı.
Qeyd edək ki, bu mərhələdə "Şimal" – "Araz-Naxçıvan" (50), "Marafon" – "Zaqatala" (300), "İmişli" – "Qaradağ Lökbatan" (20), "Kür-Araz" – "Sumqayıt" (600), "Qəbələ" – "Mingəçevir" (150), MOİK – "Şahdağ Qusar" (100), "Xankəndi" – "Gəncəbasar" (20), "Hypers" – "Şamaxı" (300), "Şəfa" – "Ağstafa Gəncləri" (50), "Zəngəzur" – "Karvan-Yevlax" (40), "Səbail" – "Zirə" (200), "Kəpəz" – "Baku Sportinq" (5000) matçları baş tutub.
Mənbə: report.az