IMG-LOGO

“ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir” - Abbas İbrahimovla MÜSAHİBƏ

25.06.2024 12:32 13 baxış
IMG

Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur

- Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunə yazılışı başlandı. Bankın yeni səhmlərinin buraxılması və kütləvi şəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəli gəlir?

- Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir. Əsas məqsəd vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakının genişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlar bazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda və formatda səhmlərin kütləvi təklifi həyata keçirilir. Bu tarixi addımı atmaqdan qürur duyuruq. 

- Özəl investisiyaların cəlbi ABB-yə nə verəcək?

- Biz Bankımızın fəaliyyəti haqqında mütəmadi hesabatlarımızı, məlumatlarımızı şəffaf qaydada tez-tez bütün maraqlı tərəflərlə bölüşürük. Bu hesabat və məlumatlarımızdan da görünür ki, ötən bir neçə il ərzində ABB necə böyük inkişaf yolu keçib. Bankımızın kapital mövqeyi güclənib, səmərəli fəaliyyəti təmin olunub. Bu gün ABB müasir korporativ standartlara uyğun idarə edilir. Çox geniş miqyasda rəqəmsallaşdırma layihələri həyata keçirmişik. Kredit, risk, kadr siyasətinin təkmilləşdirilməsi, xidmət şəbəkəsinin inkişafı istiqamətində də ciddi nailiyyətlərimiz var. 

Bankçılıq xidmətlərini tam rəqəmsallaşdırmışıq. Müştərilərimizin maliyyə ekosisteminə aid digər ehtiyaclarını da qarşılamaq üçün yeni uğurlu rəqəmsal investisiya və sığorta biznesi qurmuşuq. 

İnkişaf strategiyamıza uyğun olaraq həm mövcud bizneslərimiz üzrə böyümək, həm də yeni bizneslərə daxil olmaq hədəflərimiz var. İlin sonunadək ABB yeni müştəri seqmentinə, kiçik bizneslərə öz yeni rəqəmsal həlli ilə xidmət göstərməyə başlayacaq. Bankımıza özəl investisiyaların cəlbi bu inkişaf proseslərini daha da sürətləndirəcək və miqyasını genişləndirəcək. Əlavə kapitalın cəlbi ABB-nin daha da böyüməsinə şərait yaradacaq. Xüsusilə real sektorun maliyyələşdirilməsində yeni imkanlar açacaq.

- ABB-nin uğurlu fəaliyyətini bir neçə rəqəmlə necə ifadə edə bilərsiniz? 

- ABB ötən ilin nəticələrinə əsasən, ölkənin ən mənfəətli bankı olub, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında hazırlanmış hesabatlara görə, Bankımız səhmdarlarımıza 380 mln. AZN mənfəət qazandırıb. Aktiv müştərilərimizin sayı son 3 ildə 2 dəfə artıb. Bankın kapital adekvatlığı 21 faizdir, bu isə requlyativ tələbi 9 faiz bəndi üstələyir. 

Rəqəmsal həllərimiz nəticəsində bu gün Bankda satılan kreditlərin və kartların 60%-ə yaxını, korporativ müştərilərimizin əməliyyatlarının isə 95%-ə qədər hissəsi tam rəqəmsal formada, filiallardan kənar, yəni müştərilərlə təmassız həyata keçirilir. Bu gün bankımızda xərclərin gəlirlərə nisbəti əmsalı 39%-dir. Bu isə dünyada ən effektiv çalışan kommersiya banklarının orta göstəricisindən aşağıdır. Yəni, bütün bunlar onu göstərir ki, son illər ABB komandasının gördüyü işlər Bankımızı daha sağlam, səmərəli, effektiv və rəqabətli edib. Bütün uğurlarımızın mərkəzində ABB komandasının hər bir üzvünün əməyi var. 

Digər bir maraqlı nəticəmizi də sizinlə bölüşüm. Bəzən müştəri sayı artdıqda, həmin müştərilərə xidmət keyfiyyəti tədricən azalır. ABB-də isə bu, belə deyil. Əksinə, bir neçə ildir Net Promoter Score, yəni Tövsiyyə Sorğusu göstəricimiz hər il daha da yaxşılaşır. Bu yaxınlarda, müstəqil marketinq araşdırmaları şirkətinin apardığı sorğu nəticəsində ABB ən yüksək göstərici ilə - 64.8%-lik nəticə ilə banklar arasında Tövsiyə Çempionu olub. Müştərilərimiz öz dostlarına, qohumlarına, tanışlarına bankımızı əminliklə tövsiyə edirlər. Sorğunun nəticələri barədə mətbuata əlavə açıqlamalarımız olacaq.

- ABB-nin nə qədər səhmi satışa çıxarılır?

- Hazırda dövriyyədə ABB-nin 4,5 mlrd. ədəddən artıq səhmi var. Bu səhmlərin 96,37%-i dövlətimizə, qalan hissəsi isə özəl investorlara məxsusdur. ABB səhmlərinin kütləvi təklifi çərçivəsində dövriyyəyə daha 322 000 000 ədəd səhmin buraxılması və investorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən başlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycan vətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir. 

- Bəs nə qədər yeni investor cəlb etməyi hədəfləyirsiniz? 

- Hədəfimiz on minlərlə yeni investor cəlb etməkdir. Sərəncamın niyyətindən irəli gələrək, iri özəl investorların deyil, məhz kiçik pay sahiblərinin cəlbinə çalışırıq. Prosesə “ABB Bizik” şüarlı imic filmi ilə başlamağımız, abunə yazılışının startını “Mərkəzdən hər kəsə!” sloqanı ilə elan etməyimiz də məhz bu məqsəddən irəli gəlir. İstəyimiz Azərbaycan vətəndaşlarına tamamilə yeni, alternativ investisiya aləti təqdim etməkdir, eyni zamanda kapital bazarının canlanmasına öz töhfəmizi verməkdir. Təsəvvür edin ki, cəmi 27 manatdan başlayan kiçik bir investisiya ilə hər kəs indiyə qədər xidmət aldığı, inandığı, dəyər verdiyi Bankda, ölkənin ən böyük bankında pay sahibi olur. Bankın idarə olunmasında səhmdar kimi iştirak edir, mənfəətindən qazanır. 

- Emissiya prosesi başa çatdıqdan sonra nizamnamə kapitalının strukturunda səhmdarların pay bölgüsü necə olacaq?

-Azərbaycan dövləti yenə ABB-nin əsas böyük səhmdarı kimi qalacaq. Özəl investisiyaların cəlb edilməsi prosesi tamamilə yekunlaşdıqdan sonra, dövlətin iştirak payı 90%-dək azalacaq. Özəl investorların payı isə 10%-dək artacaq. 

- Səhmləri necə almaq olar?

-ABB-nin səhmlərini, ilk növbədə, ABB mobile tətbiqi ilə sifariş vermək mümkündür. Qeyd edim ki, ABB bu sahədə də mühüm bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə olaraq səhmlərə rəqəmsal platforma vasitəsilə abunə yazılışına şərait yaratdıq. Faydalı rəqəmsal təcrübənin vətəndaşlarımız arasında daha çox yayılması üçün əsas arzu və gözləntimiz səhm sifarişlərinin məhz ABB mobile tətbiqi vasitəsilə edilməsidir. İnvestorlar üçün ən rahatı və sadəsi budur. Vaxt itirib heç yerə getmədən cəmi bir neçə toxunuşla ABB mobile tətbiqi üzərindən Bankın səhmlərinə abunə yazılışı üçün sifariş yerləşdirmək olar. 

Təbii ki, alternativ satış kanallarından istifadə etmək istəyən vətəndaşlarımız yenə var və biz onları da nəzərə almışıq. ABB-nin səhmlərinə Bankımızın filiallarında, həmçinin “ABB İnvest” şirkəti və ölkəmizdəki bütün digər investisiya şirkətləri vasitəsilə də abunə yazılmaq mümkündür. Kanalları genişləndirmək üçün tərəfdaşlarla müzakirələrimiz yenə davam edir. Bu barədə yeniliklərimiz olduqca məlumat veriləcək. 

Onu da qeyd edim ki, ABB səhmlərinə investisiya imkanlarını daha əlçatan etmək məqsədilə Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətləri investorlar üçün bütün komissiyaları ləğv edib. Fürsətdən istifadə edib, proses zamanı bizə dəstək göstərən Azərbaycan Mərkəzi Bankına, Azərbaycan İnvestisiya Holdinqinə və bütün tərəfdaşlarımıza təşəkkür edirik. 

- İyunun 11-dən indiyə qədər artıq nə qədər investor sifariş yerləşdirib?

- Hazırda ABB-nin 1800-ə yaxın özəl səhmdarı var. Təsəvvür edin ki, qısa müddət ərzində artıq üç dəfə bundan artıq sayda, 6000-dən çox investor öz sifarişlərini yerləşdirib. Bu, Bankımızın səhmlərinə olan böyük marağı göstərir. Qeyd etdiyim kimi, hədəfimiz odur ki, Bankımıza on minlərlə yeni investor cəlb edək. 

- ABB-də səhm sahibi olmaq vətəndaşlara maddi olaraq nə qazandıracaq? Bunu rəqəmlərlə ifadə edə bilərsiniz?

- Son 6 ildə ardıcıl olaraq səhmdarlarımıza yüksək dividend ödəyirik. 2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik. Bu, hər səhm üzrə 4.1 qəpik deməkdir. Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi. Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artıb. Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək. 

Bu baxımdan, ABB-də səhm sahibi olmaq vətəndaşlarımız üçün çox böyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var. 

Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq. 

- Son sualımız: tam yerləşdirmədən sonra ABB-nin yeni səhmdarlarının öz səhmlərini satmaq imkanları da olacaq?

- Bəli, bu gün də mövcud səhmdarlarımız təkrar bazarda investisiya şirkətləri vasitəsilə səhmlərini sata və ya yeni səhmlər ala bilərlər. Qeyd edim ki, hazırda təkrar bazarın da rəqəmsallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə birgə işlər aparılır. Hədəfimiz odur ki, ilin sonunadək ABB mobile üzərindən həm ABB-nin səhmlərinin, həm də digər səhmlərin təkrar bazarda alqı-satqısı platformasını yaradaq, beləliklə səhmlərin likvidliyini tam təmin edək. Bu bazar ABB-nin son dövrlər fəal şəkildə daxil olduğu yeni biznes istiqamətidir. Ona görə qiymətli kağızlar bazarının inkişafı Bankımızın kommersiya fəaliyyətinə də çox müsbət təsir göstərəcək.

Xəbər lenti