IMG-LOGO

Türbə kimi şəhid məzarları, maketə edilən toylar, yoxsa vahid standart?

24.06.2024 18:13 8 baxış
IMG

Bizim xalqın oturuşmuş, özünə xas yas və toy adət-ənənələri var. Toy da, yas da sevincimizi, kədərimizi daşa-daşa, daha coşğun göstərmək üçün fürsətə çevirir bir növ. Ömrümüzü bu iki mərasim üçün yaşayırıq. Ev-eşik abadlaşdıranda "ölümlü dünyadır, gəlib-gedənlər baxıb nə deyər?" düşüncəsi ilə qurub yaradırıq, uşaq doğulandan toyuna hazırlığa başlayırıq. İmkanı olan da, olmayan da yasını, toyunu gücü yetəndən artıq təmtəraqla eləməyə can atır və edir.

Təəssüf ki, bu, əslində özünə hörmətdən çox, göstəriş xarakteri daşıyır.

Arzulamaq, arzuların dalınca qaçmaq insanın fitrətində var. Bəzilərinin arzuları, əməlləri isə inanılmaz olur. 

Qarabağ hadisələri başlayandan leksikonumuzda unudulmuş bir söz yenidən özünə yer elədi. Şəhid sözünü tez-tez eşitdik. Şəhid kəlməsini müqəddəsləşdirdik, aliləşdirdik. Bu 30 ildə o ailə, o nəsil olmadı ki, işğalda olan torpaqların azadlığı uğrunda bir can qurban verməmiş olsun. Candan can qopanda əlbəttə insanı yandırar. Bir çoxları ürəyinin yanğınını, üzüntüsünü şəhid üçün təşkil etdiyi məclislərlə, məzarlarla göstərməyə çalışdı. Gah şəhidə toy elədilər, maketini hazırladıb bəy kimi məclis qurub qarşısında oynadılar, gah şəhidin şəklini tort üstünə vurub sonra o tortu yedilər, gah şəhidlərin məzarı üstündə türbələr yaratdılar. Bir-birinin bəhsinəymiş kimi kimlərsə daha böyük sərdabələr tikdirdi, "son mənzil" kəlməsini hərfi mənada anlayıb qəbir üstündə ev tikdilər, içinə mebel düzüb  bəy otağı kimi bəzədilər.

Şəhid ailəsinin içindən keçən yanğını anlamaq çətin deyil. Bütün bunları vaxtsız itirdikləri əzizlərinə son borc kimi dərk edir, əllərindən gələnin ən yaxşısını xatirə kimi qurub yaradırlar. Və bütün bunları görmək insanın ürəyinə hüzn çiləyir. Lakin bir məsələ var ki, biz bunu unutmuşuq.

Şəhidlər yalnız ailələrinə deyil, dövlətə, xalqa məxsusdurlar. Necə ki, ictimai xadimlər vəfat edərkən onların dəfn və yas mərasimləri dövlət tərəfindən təşkil olunur, şəhidlərin də dəfn və yas mərasimləri üçün ümumi bir protokol qaydası olmalıdır. Nazirlər Kabineti "Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı” qaydalar hazırlayıb. Amma bu qaydalarda  şəhidlərin dəfni və onların xatirəsinin əbədiləşdirilməsi ilə bağlı əlavələrə ehtiyac var. Kimliyindən asılı olmayaraq, hər kəs bu qanuna bir nəfər kimi tabe olmalı, şəhidlik statusuna uyğun, şəhidin xatirəsi ilə bağlı tədbirlər də müəyyən qaydalarla keçirilməlidir.

Bəli, vahid standart qoyulmalıdır! Hər şəhidə eyni qaydada hörmət qoyulmalı, ölümdən sonrakı anım tədbirləri eyni səviyyədə təşkil edilməlidir. Şəhidin dəfni, şəhidin xatirəsinin əbədiləşdirilməsi, şəhid məzarının standartları ilə bağlı qaydalar tərtib edilməlidir. Hərə öz şəhidinə öz ağlı kəsdiyi qaydada bir muzey, bir  türbə, pir yaradarsa beş-on il sonra olacaqları təsəvvür etmək çətindir.

Bir qalib dövlət olaraq bizim buna ehtiyacımız var. 

Torpaq can verilmədən qorunmur, "oğul düşmən çəpəridir" deyə bir söz də işlədib bu xalq. Belədirsə, vətən uğrunda ölənlər qəhrəman, onların xatirəsinin yad edilməsi də qəhrəmana layiq şəkildə və vahid qaydada olmalıdır.

Şəhid valideyni hər hansı bir addım atanda anlamalıdır ki, o yalnız öz övladı, əzizi üçün deyil, dövlət yolunda canından keçmiş bir qəhrəmanın adı üçün nəsə edir. Edilən əməl qəhrəmanın adına layiq olmalı, bu adı urvatdan salmamalı, ucuzlaşdırmamalıdır. Nəsillər dəyişəcək, illər keçəcək, lakin şəhid və şəhidlik adı zirvə olaraq qalacaq. Yoxsa bu iş yordu-yordu oyununa, yarışmaya çevrilsə, kənardan baxınca görülən mənzərə xoş olmayan mənada heyrətamiz olacaq.

Xəbər lenti