Konqo Demokratik Respublikasının şərqində yerləşən xəstəxanaya qəzəbli kütlənin hücumundan sonra Ebola xəstələri və tibb işçiləri tibb müəssisəsini tərk ediblər.
Reuters agentliyinin məlumatına görə, hadisə İturi əyalətindəki Nyakunde xəstəxanasında baş verib.
Məlumata əsasən, doğuş zamanı ağır anemiyadan vəfat edən qadının yaxınları xəstəxanaya hücum edərək binanı daşlayıb və hasara ziyan vurublar. Xəstəxananın tibbi bioloqu Fransua Berokan Uderos bildirib ki, yaxınlar qan verməyi təklif etsələr də, Ebola epidemiyası dövründə qan köçürülməsinə icazə verilmədiyi üçün bu mümkün olmayıb.
Hücumdan sonra tibb personalı xəstəxananı tərk edib, elektrik enerjisini təmin edən generator fəaliyyətini dayandırıb və bir neçə Ebola xəstəsi xəstəxanadan qaçıb.
Reuters-in məlumatına görə, ölkədə təsdiqlənmiş Ebola yoluxmalarının sayı 2073-ə, virusdan ölənlərin sayı isə 796-ya çatıb. The Guardian yazır ki, hazırkı epidemiya Bundibuqyo ştamı ilə bağlıdır və Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də epidemiya barədə məlumat yayıb.
kongo ebola
Mənbə: lent.az