Dünyanın ən hündür qeydə alınmış "qatil dalğası" 2022-ci ildə Kanadanın Britaniya Kolumbiyası sahillərində müşahidə olunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, xüsusi ölçü cihazlarının qeydə aldığı dalğanın hündürlüyü 30 metr olub və bu, indiyədək qeydə alınmış ən yüksək "qatil dalğası" hesab edilir.
Bundan əvvəlki rekord Alyaska sahillərində qeydə alınmış 26 metrlik dalğaya məxsus idi. Mütəxəssislərin sözlərinə görə, bu cür nəhəng dalğalar güclü okean axınlarının toqquşması və mürəkkəb hidrodinamik proseslər nəticəsində yarana bilir.
"Qatil dalğaları" adi okean dalğalarından fərqli olaraq gözlənilmədən meydana çıxır və gəmilər üçün ciddi təhlükə yaradır. Onların yaranma mexanizmi hələ tam öyrənilməsə də, alimlər hesab edirlər ki, qarşı-qarşıya hərəkət edən okean axınlarının toqquşması bu hadisədə əsas rol oynayır.
Belə dalğaların hündürlüyü okeanın müxtəlif nöqtələrində yerləşdirilmiş xüsusi şamandıralar və peyk sensorları vasitəsilə ölçülür. Bu texnologiyalar dünyanın istənilən bölgəsində yaranan nəhəng dalğaları qeydə almağa imkan verir.
Mütəxəssislər bildirirlər ki, 30 metrlik dalğa hətta iri yük və sərnişin gəmiləri üçün də ciddi təhlükə yarada bilər. Statistikaya əsasən, hər il bir neçə gəmi məhz bu tip gözlənilməz dalğalar səbəbindən qəzaya uğrayır.
2022-ci ildə rekord qıran dalğa insanların yaşamadığı ərazidə qeydə alınsa da, bu hadisə okeanın nə qədər güclü və təhlükəli ola biləcəyini bir daha göstərib.
Alimlər hesab edirlər ki, nəzəri baxımdan 30 metrdən də hündür "qatil dalğalarının" yaranması mümkündür. Bəzi mütəxəssislər xüsusilə Antarktida yaxınlığında 40 metrə çatan dalğaların meydana gələ biləcəyini istisna etmirlər. Bununla belə, indiyədək belə hündürlükdə dalğa rəsmi olaraq qeydə alınmayıb.
Araşdırmalara görə, "qatil dalğaları" ən çox okean axınlarının toqquşduğu bölgələrdə, o cümlədən Kanadanın qərb sahillərində, Cənubi Atlantik okeanında və Ümid burnu yaxınlığında müşahidə olunur. Bu hadisələrin öyrənilməsi gələcəkdə gəmiçiliyin təhlükəsizliyinin artırılmasına kömək edə bilər.
dünyadan xəbərlər rekord ən hündür dalğaMənbə: lent.az